“Delta” ştammı hamilələrdə ölüm riskini artırır

19 Sentyabr 2021 01:38 (UTC+04:00)

COVID-19 virusunun “Delta” ştammı hamilələr arasında ölüm riskini artırır. Türkiyə mediasının xəbərinə görə, bu ştamma yoluxan hamilələr xəstəliyi daha ağır keçirirlər. Elm adamları isə vaksin olunmayan hamilələr arasında ölüm riskinin 4-5 qat yüksək olduğunu vurğulayır və vaxt itirmədəm hamilə, südverən qadınların da vaksin olunmasını tövsiyə edirlər.

Türkiyəli həkimlər də son zamanlar ölkələrində hamilələr arasında virusa yoluxma və ölüm rəqəmlərinin artdığını bildiriblər: "Hamilələrin bu xəstəliyi ağır keçirmə riski hamilə olmayanlarla müqayisədə daha yüksəkdir. Xüsusən də yüksək təzyiqdən əziyyət çəkən qadınlar arasında ölüm riski çoxdur".

Həkimlər hamiləliyin son aylarından daha tez vaksin olunmağı tövsiyə edirlər. Onlar xüsusən də hamiləliyin 6-cı ayında risklərin altdığını vurğulayıblar. Həkimlər bildirirlər ki, peyvənd olunmadan COVID-19-a yoluxan hamilələrin övladlarında ciddi tənəffüs problemləri müşahidə edilir: "Bu virus dölə həddindən artıq təsir etdiyindən hamiləlik dövründə peyvəndlənmək vacibdir. Belə şəxslər hamiləliyin 3 ayından sonra vaksin oluna bilərlər".

Onlar qeyd edirlər ki, belə olan halda dünyaya gələn körpədə də virus əleyhinə anticisimlər formalaşır.

Ankara Sağlamlıq İdarəsinin məlumatına görə, COVID-19-dan dünyasını dəyişən hamilələrin hamısı vaksinsiz olanlardır.