"Bu mövsüm də çempion olmaq istəyirik" - “NEFTÇİ”NİN YENİ TRANSFERİ

18 Sentyabr 2021 14:19 (UTC+04:00)

"Neftçi"yə keçdiyim üçün xoşbəxtəm. Bakı çox gözəl şəhərdir, buranın insanları da mehribandır. Komanda daxilində problem yoxdur. Heyətdə çoxlu legioner var və onların əksəriyyəti portuqalca danışa bilir. Bu səbəbdən çətinliyim olmayıb". SİA-nın məlumatına görə, bu fikirləri "Neftçi"nin yeni transferi Tiaqo Bezerra klubun rəsmi televiziyasına müsahibəsində deyib.

Türk dilində danışan 34 yaşlı braziliyalı hücumçu Qətərin "Əl-Sayliya" klubundan ayrıldıqdan sonra ölkəsinə yollandığını bildirib: "Çox komanda ilə danışıq apardım. Türkiyəli menecer əlaqə saxladı və danışığımız uzun çəkmədi. Mənə "Neftçi" haqqında danışdı, daha sonra burada oynayan bir neçə dostumdan və Reynaldodan bəzi şeylər barədə soruşdum. "Neftçi"nin ötən mövsüm çempion olduğunu öyrəndim. Bu, mənim üçün çox önəmlidir. Türk dili, Azərbaycan dilinə yaxındır. Bizim dilimiz futboldur, hara getsək, ən yaxşı şəkildə oynamalıyıq".

Bezerra peşəkar karyerasına Belçikada başladığını, daha sonra isə Türkiyədə müxtəlif klublarda oynadığını xatırladıb: "Türkiyə Braziliyaya bənzəyir. İnsanları çox mehribandır və bir-birilərinə yardım etməyi sevirlər. Ailəm də Türkiyəni çox xoşlayır. Tətil vaxtları oraya gedirik".

Braziliyalı oyunçu bu mövsüm "ağ-qaralar"la çempion olmaq istədiyini sözlərinə əlavə edib: "Klub üçün mövsümü ən yaxşı pillədə başa vurmalıyıq. "Qarabağ"a 0:1 hesabı ilə uduzduğumuz matçda azarkeşləri gördüm. Çox yaxşı fanatlarımız var. Oyunlara gəlsinlər və inansınlar ki, bu komanda mövsümü yaxşı başa vura biləcək. Çempionat yeni başlayıb və futbolda asan qarşılaşma olmur. Amma bizdə yetəri qədər güc var. Bu kollektiv azarkeşlərə çox şey verəcək. "Qarabağ"la görüşün ikinci hissəsində təzyiqi artırdıq, amma alınmadı. İkinci hissədəki oyunumuz məni məmnun etdi. Futbolda belə nəticələr olur. Həmin matçda atmosfer də çox gözəl idi".

Qeyd edək ki, Tiaqo Bezerra Belçikanın “La Luvyer” (2005-2006), Braziliyanın “Qama” (2008), “İtuano” (2012, 2013), CRB (2012), Türkiyənin “Altay” (2008-2010), “Karşıyaka” (2010-2011), “Adanaspor” (2013-2015), “Adana Demirspor” (2016, 2017), Küveytin “Əl-Ərəbi” (2015), Səudiyyə Ərəbistanının “Əl-Kadisiya” (2016-2017), Özbəkistanın “Paxtakor” (2017-2018), Qətərin “Əl-Xor” (2019-2020) və “Əl-Sayliya” (2020-2021) klublarında çıxış edib. Bezerra 2015/2016 mövsümündə Küveyt Federasiya Kubokunun ən yaxşı futbolçusu və bombardiri, 2018-ci ildə isə Özbəkistan Superliqasının ən yaxşı futbolçusu olub.