SOCAR daha bir məntəqəni təbii qazla təmin edib - FOTO

18 Sentyabr 2021 12:55 (UTC+04:00)

Sentyabrın 18-də Gürcüstanın Kvemo-Kartli regionunda azərbaycanlıların yığcam yaşadıqları İlməzli kəndinə təbii qaz verilib. SİA xəbər verir ki, açılış mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev, Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev, Kvemo-Kartli-Borçalı bölgəsinin qubernatoru Şota Rekviaşvili, parlamentin deputatı Zaur Darğallı, Gürcüstanın iqtisadi inkişaf nazirinin müavini David Tvalabeişvili və digər rəsmi şəxslər iştirak ediblər.

“SOCAR Georgia Gas” MMC tərəfindən çəkilən qazpaylayıcı xəttin əsası 2020-ci il oktyabrın 21-də qoyulub.

Mərasimdə qeyd olunub ki, SOCAR-ın sərmayəsi ilə tikilən 13 min 145 metrlik şəbəkə bir sıra yaxın yaşayış məntəqələrini də əhatə edəcək və 227 abonentin təbii qazla təminatı üçün imkan yaradacaq.
“SOCAR Georgia Gas” MMC 13-ü Kvemo-Kartlidə, 2-si Msxeta-Mtianetidə olmaqla 15 yaşayış məntəqəsində qazpaylayıcı şəbəkənin tikintisini tamamlamağı planlaşdırır. Ümumi uzunluğu 129 kilometr olacaq bu şəbəkənin tikintisi başa çatdırıldıqdan sonra daha 2483 abonent qazla təmin olunub.

Qeyd edək ki, Azərbaycanlıların yaşadığı 78 yaşayış məntəqəsindən 60-ı artıq qazlaşdırılıb. Plana uyğun olaraq, daha 7 kənddə 1111 abonent üçün ümumi uzunluğu 7,3 kilometr olan qaz kəmərləri çəkilir. Marneuli üzrə qazlaşdırmanın səviyyəsi 80,2 faiz təşkil edir.