Sabirabadda Milli Musiqi gününə həsr edilən tədbir keçirilib

18 Sentyabr 2021 07:15 (UTC+04:00)

Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum günü və 18 sentyabr - Milli Musiqi Günü münasibətilə Sabirabad Regional Mədəniyyət İdarəsinin Sabirabad rayon Mədəniyyət Mərkəzi tərəfindən tədbir təşkil edilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirin aparıcısı, Sabirabad rayon Mədəniyyət Mərkəzinin əməkdaşı Nicat Əliyev ölkəmizdə Milli Musiqi Gününün qeyd olunması ənənəsi haqqında iştirakçılara ətraflı məlumat verərək tədbiri açıq elan edib. Tədbirdə Sabirabad Rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov və Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə çıxış edərək, tədbir iştirakçılarını Milli Musiqi günü münasibətilə təbrik ediblər, Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından danışıblar, onun əsərlərini Azərbaycan musiqisinin ən gözəl nümunələri kimi dəyərləndiriblər.

Daha sonra tədbir iştirakçılarına Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən qısametrajlı film nümayiş olunub. Tədbir Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq Musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında maraqlı konsert proqramı ilə davam edib. Konsert proqramına Əhmədabad kənd Folklor evinin “Axısxa Halay-Türk” folklor rəqs kollektivinin rəqsi ilə yekun vurulub.