İqlim dəyişikliyi 17 mindən çox insanın həyatını alıb

18 Sentyabr 2021 04:13 (UTC+04:00)

Yeni növ koronavirus epidemiyası başlayandan bəri 17 mindən çox insan iqlim dəyişikliyinin yaratdığı fəlakətlərdə həyatını itirib.

Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) "Covid-19" epidemiyası başlayandan bəri iqlim dəyişikliyi səbəbiylə baş verən fəlakətlərin 139,2 milyon insana təsir etdiyini və 17 mindən çox insanın ölümünə səbəb olduğunu bəyan edib.

IFRC iqlim dəyişikliyi və "Covid-19"un təsirləri ilə bağlı yeni hesabatında epidemiyanın cəmiyyətləri iqlim böhranına qarşı daha həssas hala gətirdiyinə diqqət çəkib.

Hesabatda 681 milyondan çox insanın həddindən artıq istilərə məruz qaldığı və "Covid-19" epidemiyası başlayandan bəri iqlim dəyişikliyi səbəbiylə baş verən fəlakətlərin 139,2 milyon insana təsir etdiyi və 17 min 242 insanın öldüyü vurğulanıb.

IFRC prezidenti Francesco Rocca BMT Baş Qərargahında keçirdiyi mətbuat konfransında "Dünya iqlim dəyişikliyinin və "Covid-19"un cəmiyyətlərə çətinliklər yaratdığı görünməmiş bir humanitar böhranla qarşı-qarşıyadır" ifadəsini işlədib.
Rocca dünya liderlərini noyabr ayında Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək Birləşmiş Millətlər İqlim Dəyişikliyi Konfransı (COP26) ərəfəsində istixana qazı emissiyalarını azaltmaq üçün təcili tədbirlər görməyə çağırıb.