"Həftə sonlarını kompütersiz keçirməyə cəhd göstərməliyik" - MEDİA EKSPERTİ AÇIQLADI

17 Sentyabr 2021 18:30 (UTC+04:00)

“Müasir dövrdə yeni texnologiyalar olmadan, o cümlədən də kompütersiz yaşamaq mümkün deyil”. Bu sözləri SİA-ya açıqlamasında media eksperti Azər Həsrət deyib.

Onun sözlərinə görə, kompüter artıq günümüzün ayrılmaz hissəsinə çevrilib: “Bu gün həqiqətən də hər kəs kompüter arxasında saatlarla oturmalı olur. Elə mən özüm də günün böyük bir hissəsini kompüter arxasında keçirirəm. Bunun nəticəsində fizioloji olaraq çox ciddi problemlər yaranır. Yəni insan orqanizmi bu oturaqlıq nəticəsində çox ciddi fəsadlarla qarşılaşır. Uzun müddət kompüter qarşısında hərəkətsiz şəkildə oturmaq insanın bütün orqanlarına o cümlədən də onurğa sütununa çox ciddi zərər vurur. Bununla yanaşı uzun müddət kompüterə baxmaq gözlərin zəifləməsinə səbəb olur. Ən azından həftə sonlarını kompütersiz keçirməyə cəhd göstərməliyik. Bundan əlavə iş yerlərində hər bir saatdan bir beş dəqiqəlik fiziki hərəkətlərlə müşayiət olunan fasilə verilməlidir. Mümkün qədər hərəkət etməyə üstünlük verilməlidir”.

Arzu Qurbanzadə