"Əsrin müqaviləsi"ndən 27 il ötür TƏHLİL

17 Sentyabr 2021 17:55 (UTC+04:00)

Prezident İlham Əliyev: "Kontraktın qüvvəyə minməsi Azərbaycanı yeni inkişaf yoluna çıxardı və bu gün "Əsrin kontraktı" bizim neft sənayemizin inkişafında öz rolunu oynayır"

Artıq böyük inkişaf yolu keçmiş Azərbaycanın müstəqillik tarixində mühüm hadisəyə çevrilən "Əsrin müqaviləsi"ndən 27 il ötür. Bu müqavilə ən önəmli və həyati dəyərə malik beynəlxalq müqavilələrdən birincisi kimi tarixdə yer alıb. 18 oktyabr 1991-ci ildə ölkəmiz müstəqillik əldə etdikdən sonra bir sıra beynəlxalq müqavilələr imzalanmışdı, amma "Əsrin müqaviləsi"nin imzalanması, məhz Azərbaycan iqtisadiyyatını irəliyə doğru aparan amillərdən biri oldu. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində qeyd edib ki, "Əsrin kontraktı" Ulu Öndər Heydər Əliyevin neft strategiyasının tərkib hissəsidir, onun başlanğıcıdır: "Məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi sayəsində Azərbaycan özünü dünyaya təqdim edə bildi. Tarixdə ilk dəfə xarici şirkətlər Xəzər dənizində neft-qaz yataqlarının işlənilməsində iştirak etməyə başlamışlar".

Tarixi müqavilə müasir və qüdrətli Azərbaycanın təməlini möhkəmlətdi, ölkənin bu gününün və gələcəyinin uğurlu inkişafına yol açdı. 1994-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın 11 aparıcı neft şirkəti arasında "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə işlənilməsi və hasilatın pay bölgüsü ilə bağlı "Əsrin müqaviləsi" imzalandı. Daha sonra dünyanın 19 ölkəsini təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalandı. "Əsrin müqaviləsi" adlandırılan bu saziş müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu və böyük uğurların qazanılmasında müstəsnalıq təşkil etdi. "Əsrin müqaviləsi" kimi təşəkkül tapan neft müqaviləsi Azərbaycanın müstəqillik tarixində imzalanan ən önəmli və həyati dəyərə malik beynəlxalq müqavilələrdəndir. Bu müqavilə müasir Azərbaycanın inkişaf perspektivləri baxımından, o cümlədən, iqtisadiyyatın dirçəldilməsi və şaxələndirilməsi prosesində olduqca mühüm rola malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir: "Bu kontraktın faydasını bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı görür. Təsəvvür etmək çətindir ki, əgər "Əsrin kontraktı" imzalanmasaydı, Azərbaycan o vaxt nəyin hesabına öz iqtisadi inkişafını təmin edə bilərdi. Biz nəyin hesabına uğurla inkişaf edə bilərdik. "Əsrin kontraktı"nın bizim müstəqil tariximizdə xüsusi yeri, xüsusi rolu var".

AZƏRBAYCAN BEYNƏLXALQ ENERJİ BAZARLARINDA BİRBAŞA İŞTİRAKÇIDIR

Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinə əsaslanan strategiyanın möhtəşəm nəticələrinin şahidiyik. "Əsrin müqaviləsi" ölkədə misli görünməmiş bir iqtisadi inkişafa yol açdı və Azərbaycanı müasir enerji mərkəzinə çevirdi.

Azərbaycanın neft sənayesinin, ümumiyyətlə, iqtisadiyyatının inkişafında yeni dövrün əsasını qoyan "Əsrin müqaviləsi"nin imzalanması ilə başlamış iş XXI əsrdə Azərbaycanın dinamik inkişaf yolunu müəyyən etdi. "Əsrin müqaviləsi"nin imzalanması və uğurla həyata keçirilməsi istiqamətində görülmüş işlər nəticəsində, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu xeyli yüksəldi. İlkin neftin hasil olunması Azərbaycanı dünyanın neft ixrac edən ölkəsinə çevirdi.Təbii ki, Azərbaycan neftinin xaricə çıxarılması birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun uzaqgörən siyasəti nəticəsində, "Əsrin müqaviləsi" Azərbaycanı investisiyalara açıq bir dövlətə çevirdi və xarici investorlar, bu layihə təsdiqini tapdıqdan sonra, sərbəst şəkildə ölkəmizə investisiya yatırmağa başladılar. 1994-cü ildən bu günə qədər ölkəmizə milyardlarla dollar həcmində xarici investisiyalar yatırıldı, neft sektorunun inkişafı isə, özlüyündə, qeyri-neft sektorunun da inkişafını təmin etdi. Digər tərəfdən, bu, iqtisadi inkişafın təməlinin qurulmasına imkan yaratdı. Məhz bu layihədən əldə olunan gəlir sayəsində, Azərbaycan vətəndaşlarının sosial təminatının yüksəldilməsi istiqamətində əsaslı addımlar atıldı və müxtəlif layihələr həyata keçirildi. Ölkədə sabitliyin yaranması isə yeni-yeni sahələr üzrə investisiyaların Azərbaycana cəlb olunmasına köməklik göstərdi. Bu da, nəticə etibarı ilə, ölkəmizdə regionların sosial-iqtisadi inkişafını və digər mühüm aspektləri özündə ehtiva edən genişmiqyaslı proqramların və konsepsiyaların reallaşmasına şərait yaratdı.

"Əsrin müqaviləsi"nə qədər Azərbaycan kifayət qədər yol gedib. Azərbaycan dövlətinin təbii sərvətlərinə sahib çıxmaq üçün atdığı addımlar "Əsrin müqaviləsi"ndə öz əksini tapıb. Dünyada təbii sərvətlərlə zəngin olan və onu dünya bazarına çıxaran dövlətlər çoxdur. Ancaq onlardan heç də hamısı uğur qazanmayıb. Uzaqgörən siyasətçi Ulu Öndər Heydər Əliyev "Əsrin müqaviləsi"ni imzalamaqla, yalnız Azərbaycan üçün deyil, region və Avropa üçün bir sıra problemləri həll etmiş oldu. Bu müqavilənin izalanması güclü Azərbaycanın əsasını qoydu. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılan enerji siyasəti dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçıya çevirdi. Nəticədə, enerji resursları ölkəmiz üçün yalnız dövlət gəlirlərinin artması mənbəyi deyil, həmçinin, ciddi geosiyasi alətə çevrildi. Azərbaycan, artıq dünya enerji təhlükəsizliyinə töhfə vermiş ölkələrdən sayılır. Qlobal arenada enerji təzhizatçısı kimi Azərbaycanın müstəqil beynəlxalq siyasət həyata keçirmə imkanları möhkəmləndi.

"ƏSRİN MÜQAVİLƏSİ" MAKROİQTİSADİ VƏ SOSİAL GÖSTƏRİCİLƏRƏ TƏSİRİNİ GÖSTƏRİB

"Kontraktın qüvvəyə minməsi Azərbaycanı yeni inkişaf yoluna çıxardı və bu gün "Əsrin kontraktı" bizim neft sənayemizin inkişafında öz rolunu oynayır", - deyə Azərbaycan Prezidenti bildirib. Dövlət başçısının fəaliyyəti nəticəsində, neft və qazın bir neçə kəmər vasitəsi ilə Azərbaycandan Avropaya çıxarılması təmin edilib. Azərbaycan üçün nə vaxtsa hər hansı bir kəmərdə təhlükə yaransa, hansısa bir hadisə baş verərsə, digər kəmər vasitəsi ilə təbii sərvətini xarici dövlətə çıxara biləcək. "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəməri dünyada bənzəri olmayan mühəndis qurğusudur. Bu layihə Şərq-Qərb enerji dəhlizinin əsasını təşkil edir.

Ötən 27 il ərzində, ölkənin sosial-iqtisadi göstəriciləri kifayət qədər dəyişib. Bu inkişafın təməli isə "Əsrin müqaviləsi" imzalandığı gün qoyulmuşdu. Onu da bildirək ki, 2001-ci ildə Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə sentyabrın 20-si "Neftçilər Günü" kimi elan olunub. Hər il neftçilər öz peşə bayramlarını qeyd edirlər. Həmin gün hər il əməkdə fərqlənən neftçilər Azərbaycan Prezidentinin Sərəncamı ilə fəxri adlarla təltif olunurlar. Neft sənayesində uzun müddət səmərəli əmək fəaliyyətinə görə, onlarla neftçi Prezidentin Fərdi Təqaüdünə layiq görülüb. Bu gün neftçilər üçün ikiqat bayrama çevrilib. Bu günü neftçilər həm "Əsrin müqaviləsi"ni, həm də peşə bayramı günü kimi qeyd edirlər.Artıq bu gün Azərbaycan regionun lider dövlətidir və iqtisadiyyatının inkişafında neft amilinin böyük rolu var. Neftdən əldə olunan gəlir qeyri-neft sektorunun inkişafına yönəldilir ki, bu da ölkə iqtisadiyyatının, bütünlüklə çiçəklənməsi deməkdir.

Ümummilli Lider Heydər Əliyevin məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasəti nəticəsində, bu gün neft Azərbaycan xalqının rifahına xidmət edərək, ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının təmin edilməsinə yönəldilib. Bu müqavilə makroiqtisadi və sosial göstəricilərə öz təsirini göstərib. Tarixi reallıqlara, statistik göstəricilərə əsaslanaraq, deyə bilərik ki, neft gəlirləri nəticəsində, baş vermiş iqtisadi sıçrayış əhalinin gəlirlərinin artımasına, yoxsulluğun azaldılmasına və başqa sahələrdə irəliləyişə səbəb oldu. Ölkədə aztəminatlı ailələrin sosial təminatı gücləndirilib, təhsil və səhiyyə sektorlarında, xüsusilə də, infrastrukturun yenilənməsi, xidmət səviyyəsinin artırılması və bu sahələrdə çalışanların əmək haqlarının artırılmasına diqqət yetirilib. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan öz neft kapitalını insan kapitalına çevirir.

"AZƏRİ-ÇIRAQ-GÜNƏŞLİ" NƏHƏNG NEFT YATAĞININ İŞLƏNİLMƏSİNDƏ YENİ DÖVR

2017-ci ildə Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edildi və yenidən tərtib olunmuş saziş imzalandı. Bu, "Azəri-Çıraq-Günəşli" nəhəng neft yatağının işlənilməsində yeni dövrün başlanması kimi qiymətləndirilib. "Azəri-Çıraq-Günəşli" neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. Müqavilənin uzadılması gələcək üçün uzunmüddətli çiçəklənməni və sabitliyi təmin edəcək. Bu müqavilə Azərbaycan üçün daha da əlverişlidir. Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, 1994-cü ildə imzalanmış kontraktın bizim maraqlarımızı tam təmin etməsinə baxmayaraq, bu dəfə isə, daha yaxşı şərtlərlə kontrakt imzalanır. Həqiqətən də, ölkəmizdə uğurla inkişaf etdirilən neft strategiyası, neftlə bağlı əldə olunan nailiyyətlərimiz, bilavasitə Ulu Öndər Heydər Əliyev qətiyyətinin nəticəsidir və bu gün Onun kursunun layiqli davamçısı Cənab İlham Əliyev tərəfindən davam etdirilir. İyirmi yeddi il ərzində Azərbaycan böyük yol keçmişdir. Azərbaycanda enerji sektorunda böyük nailiyyətlər əldə edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır: "Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə də hər hansı bir başqa maneə və ya problem yoxdur".

ZÜMRÜD BAYRAMOVA