"Xankəndinə hansısa yük daşınmalıdırsa, buna Azərbaycan icazə verməlidir" - MÜSAHİBƏ

17 Sentyabr 2021 17:24 (UTC+04:00)

Hərbi ekspert Ədalət Verdiyev SİA-ya müsahibə verib. Həmin müsahibəni sizə, təqdim edirik:

- Ədalət bəy, sizin ötən həftə Şuşaya səfəriniz oldu. Siz ətrafa həm də bir hərbiçi kimi baxırdınız. Orada görülən işlər nə yerdə idi, yol necədi? Təəssüratlarınız necə oldu?

- "Zəfər yolu" mən gedəndə, demək olar ki, 95 faiz hazır idi. Bir-iki ayrı hissələrdə asfaltlama gedir. Hesab edirəm ki, ayın axırına qədər yol tamamilə hazır olunacaq. Şuşaya hər bir səyahət bütün Azərbaycan vətəndaşları üçün olduğu kimi mənim üçün də möhtəşəm və qürurverici hadisədir. 30 illik həsrətdən sonra hər dəfə Şuşaya daxil olduqda insan fərqli bir hisslər yaşayır. Şuşada uşaq vaxtlarımda olmuşam. Şuşada çox çətin xatırlayacağım bir yaşda olmuşam. Ümumilikdə götürdükdə Şuşada aparılan inşaat işləri paralel olaraq bir neçə istiqamətdə gedir. Alt infrastruktur, su, kanalizasiya, elektrik işləri, binaların, otellərin inşası artıq başa çatıb. Bir neçə marketimiz artıq fəaliyyətdədir. Kafe, restoran tipli iaşə obyektləri inşa olunur. Bəzi tikililər restavrasiya olunur. Burada olan “Qazancı” monastrı da əvvəlki görünüşünü geri alacaq. Ermənilərin təqdim etdiyi kimi, yəqin ki, olmayacaq. Burada biraz fərqlilik olacaq.

Ümumiyyətlə, mən daha çox Şuşanın müdafiə, mühafizə və təhlükəsizlik məsələsinə toxunmaq istərdim. İlk dəfə mənim səfərim qışda olmuşdu. Qalın bir qar var idi və hərəkət də elə asan deyildi. Təsəvvür edin ki, altı çəkimli kamazla həm də zəncir vuraraq biz gedə bilmişdik. İndi isə, təbii ki, yollarımız kifayət qədər yaxşıdır. Cəmi yarım saat ərzində Füzulidən Şuşaya çatmaq mümkündür. Bununla yanaşı yollarda bir neçə qovşaq gördüm. Yolların planlaması elədi ki, yollar alt-üst keçidləri vasitəsi ilə digər yollarla kəsişəcək. Həm də mən mövcud olan "Zəfər yolu"nun bir neçə hissəsində dairələr gördüm. Ortası isə boş idi. Nədənsə içimdən belə bir fikir keçdi ki, bu dairələrin ortasında nəsə bir abidə, nəsə bir şey inşa ediləcək. Böyük ehtimalla bu dəmir yumruq olacaq. Bir dənə də böyük qaya parçası gördüm. Yolu sağından-solundan çəkiblər, bütün daş-qaya nə varsa götürülüb bir dənə böyük qayanı ortada saxlayıblar. Bu qayadan da gözüm su içmədi. Düşünürəm ki, onun sağını-solunu yontub yumruq halına gətirəcəklər. çox möhtəşəm bir şey ola bilər. Bundan başqa Şuşada qış ilə bugünkü günün fərqindən danışsaq, ilk növbədə qalmaq üçün həm hotel, həm də hostel var. Həm elektrik, həm su verilib. Qazın verilməsini görmədim. Bəlkə də, Şuşaya heç qaz verilməyəcək. Ekoloji baxımdan təmiz şəhərdi deyə ola bilsin hər şey elektriklə olsun. Çünki oradakı elektrik stansiyasının miqyasına baxıram, demək olar ki, Şuşa şəhəri üçün 4-5 dəfə böyükdür. Başqa təhlükəsizlik məsələsində Şuşada gərəkdiyindən bəlkə də, bir neçə dəfə artıq qoşun toplamışıq. Demək olar ki, bütün o dəhliz boyu bizim vizual müşahidəmiz təmin olunub. Yəni texniki vasitələrlə, həm də vizual görüntü ilə biz dəhlizə girib-çıxan bütün texnikaları, ermənilərin, ya da sülhməramlıların fəaliyyətini nəzarətdə saxlaya bilirik. Buna alternativ olaraq ermənilər öz mövqelərinə yaxın yol çəkmək istəyiblər. Əfsuslar olsun, orada əslində erməni silahlı dəstələri heç qalmamalıydı. Amma rus sülhməramlı qüvvələrinin fəaliyyətsizliyi nəticəsində burada ermənilər mövqe tuta bilirlər.

- Rusiya sülhməramlılarına yeni komandan təyin edilib. Sizcə, bu sülhməramlıların fəaliyyətində nəsə müsbət dəyişiklik göstərəcək?

- Düzdür, Rüstəm Muradovdan ilkin mərhələdə elə də narazı deyildik. Sonrakı mərhələdə erməniləri küsdürməməyə çalışdılar. Daha sıx-sıx seperatçı rejimin rəhbərləri ilə görüşməsi, seperatçı rejimin əski bayraqları yanında öpüşüb görüşmələrinin hamısını xatırlayırıq. Amma əsas da erməni silahlı dəstələri Xankəndidən hələ də çıxarılmayıb. Bu bəs deyilmiş kimi erməni silahlı dəstələri orada səngər qazırlar. Həmin ərazilərə silahlılar da buraxılmışdı. Həmin ərazilərə İran maşınlarının qanunsuz daxil olmasına göz yummuşdular. Birləşib saxtakarlıq da etmişdilər. İran maşınlarına rus nömrələri qoyub kimisə aldatmağa çalışırdılar. Azərbaycanlı oğlanlar da Laçın dəhlizində rus sülhməramlıların kamerasından görüntüləri əldə etdilər. Birbaşa həmin kameralardan götürülmüşdü. Çünki başqa bir kamera maşın nömrəsini çəkmək üçün mütləq bucaq altında çəkməlidir. Amma bu kamera bucaq altında çəkməyib. Biz bunu bilirdik, amma görüntüləri götürüb yaymaq olduqca vacib idi. Buna görə də, əməyi keçən hamıya təşəkkür edirəm. İndi Rüstəm getdi. Kasobokov onun yerinə təyin olundu. Kasobokovun xidmət tarixçəsi kifayət qədər xoşagəlməz fəaliyyətlərlə bol olan insandı. Həm Abxaziyada, həm Donetskdə seperatçı rejimlərlə fəaliyyətdə olub. Azərbaycan cəmiyyəti Kasabokovu sülhməramlı kimi qəbul etmək istəmir. Çünki onun bitərəf, neytral qalacağına heç bir zamanət yoxdur. O Abxaziyaya sülhməramlı kimi gəlmişdi. Orada neytral ya bitərəf qaldımı? Buna görə də bu təyinat bizi narahat edir.

- Son zamanlar bəzi hadisələr məsələn Gorus-Qafan yolunun bağlanması, daha sonra orada Azərbaycan postunun qurulması, təxribatların azalması halları baş verir. Sizcə bütün bunlar nə anlama gəlir?

- Azərbaycan öz ağırlığını onsuz da, 44 günlük Vətən müharibəsində qoyub. Müəyyən boşluq yaratmaq istəyirlər qoy istəsinlər. İstəmək ziyan deyil. O istəyi yerinə yetirmək çətindir. Arzularla əməllər üst-üstə düşməyəndə o xülya olaraq qalır. Burada ermənilərin ağır bir məğlubiyyətə uğradığını hamı bilir. Azərbaycan çalışır ki, erməni daha az ağrı-acı ilə bu dövrdən keçə bilsin. Yəni, mövcud vəziyyətlə barışmağa çalışsın. İnansın ki, Ermənistan Azərbaycanla qonşu kimi yaşamalıdır. Başqa yolu yoxdur. Biri var yaşaya bilər yaşaya bilməz bu başqa bir məsələdir. Kim istəmir yaşamasın. Getsin harda istəyir yaşasın.

- İranın Aəzrbaycandakı səfiri növbəti dəfə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşüb, sizcə görüşdə məqsəd nə olub?

- İrandan yola çıxıb Xankəndinə gedən maşının sənədində belə deyilib. "Stapanakert vergül Armenia". Bu İran tərəfindən təqdim olunan rəsmi sənəddir. Onlar bilirlər ki, Azərbaycan bu maşını yolda saxlayacaq və yoxlayacaq. Bunu bilərəkdən edirsən? Çox gözəl. Verən adam uzaqdadır, amma gəzdirən adama gəl bura deyilir. Deyilir ki, sən hansı əsasla Azərbaycana aid olan əraziləri Ermənistan kimi təqdim edirsən, ora yük daşınmasına hansı beynəlxalq hüquqi əsasla sən həyata keçirirsən? İkincisi Xankəndinə hansısa yük daşınmalıdırsa, buna Azərbaycan icazə verməlidir. İcazə verməlidir ki, kim gəlsin, kim getsin. Ümumiyyətlə, İranın dini dinimizdən, təriqəti təriqətimizdən olmasına baxmayaraq bu gün elə bəyanatlar verir ki, qəbuledilməzdir. İran prezidentinin cənab Prezidentimizi təbrik etməsi ilə İranın bugünkü fəaliyyətləri ümumiyyətlə, bir-birini tutmur.