"“İfşa” adlı serial bu mövsüm də davam edəcək" - LAYİHƏ RƏHBƏRİ DANIŞDI

17 Sentyabr 2021 16:07 (UTC+04:00)

"Azərbaycanda ilk dəfə olaraq polislərin fəaliyyətindən bəhs edən “İfşa” adlı serial bu mövsüm də davam edəcək. Serial insan alveri və narkomaniya ilə mübarizədən bəhs edir. Layihə Daxili İşlər Nazirliyinin təşkilatı dəstəyi ilə ATV kanalında yayımlanırdı. Ötən mövsüm üçün 6 bölüm çəkilmişdi. Layihənin məsləhətçisi daxili işlər nazirinin birinci müavini polis general-leytenantı Seyfulla Əzimov, ideya müəllifi və rəhbəri isə Ramiz Alıyevdir. Serial yeni formatda və yeni adla davam edəcək". Bu sözləri SİA-ya layihə rəhbəri Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, bu cür maarifləndirici film və seriallara hazırki gündə çox böyük ehtiyac var: "Bu gün bütün cəmiyyətimiz bir yumruq kimi birləşərək hüquq-mühafizə orqanlarının və xüsusən də polisin yanında olub narkomaniya ilə birgə mübarizə aparır. Ona görə də biz düşündük ki, bu layihəni davam etdirmək lazımdır. Onu da açıq demək istərdim ki, ötən mövsüm üçün çəkilən bölümləri izləyən tamaşaçıların və ziyalıların təkidi var ki, bu cür layihə davam etməlidir.

Bildiyimiz kimi “İfşa” serialı 6 bölümdən ibarət idi və insanların böyük sevgisini qazanıb, hətta kanalların reytinq cədvəlində də öncül yerdə idi. Serialın sosial şəbəkədə olan hesablarına, demək olar ki, hər gün yüzlərlə izləyici yazıb xahiş edirdi ki, bu serial davam etsin. Bundan başqa ölkə mətbuatında da bu layihəyə böyük maraq var idi. Qardaş Türkiyənin 30-dan artıq tanınmış mətbuat orqanında layihə haqqında məlumatlar dərc olunmuşdur və “İfşa” serialını Türkiyənin TRT kanalında yayımlanan “Təşkilat” serialı ilə eyni mövzunu əhatə etdiyini də diqqətə çatdırmışdılar. Hesab edirəm ki, xarici düşmənlərimizin məkirli planlarından biri də gənclərimizi zəhərləmək və genofondumuza zərbə vurmaqdır, ancaq biz xalq olaraq buna imkan verməyəcəyik".

Ramiz Alıyev fikirlərinə davam edərək həmçinin qeyd edib ki, 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən igidlərimizin davamçıları var və daha da artacaqdır: "Ona görə də bu cür maarifləndirici layihələr davam etməlidir ki, gənclərimiz həm insan alverindən, həm də narkomaniyadan uzaq olsunlar. Biz fikirləşirik ki, layihə bu mövsüm də eyni movzularla (narkomaniya, insan alveri və s.) və yeni adla, peşəkar komanda ilə çəkilib tamaşaçılara təqdim olunsun. Qeyd olunduğu kimi, bu layihədə əsas məqsəd insanların maariflənməsi, narkomaniya və insan alveri ilə mübarizə aparmağın yollarını, Azərbaycan polisinin qətiyyətini, mübarizənin yalnız hüquq-mühafizə orqanlarının deyil, həmçinin xalq olaraq hər birimizin aparmalı olduğumuzu göstərməkdir. Layihə ötən mövsüm olduğu kimi yenə də ATV kanalında davam gedəcək. Serialın 10-12 bölüm olması düşünülür. Düzdür, bəzi televiziya kanallarından bizə müxtəlif təkliflər gəldi ki, bu serialın davamı o kanallarda çəkilsin, ancaq təbii ki, biz razı olmadıq və bildirdiyim ki, layihə yenə də ATV kanalında davam edəcək, çəkilişlərin noyabr ayından başlanılması və yanvar-fevral ayından etibarən efirə getməsi düşünülür".

Arzu Qurbanzadə