Ərazilərimizin minalardan təmizlənməsi əsas hədəflərimizdəndir ŞƏRH

17 Sentyabr 2021 14:57 (UTC+04:00)

Dövlət başçısı "Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalayıb

44 günlük Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərin minalardan, partlamamış hərbi sursatdan və digər partlayıcı qalıqlardan təmizlənməsi, zərərsizləşdirilməsi bu gün qarşıda duran əsas məsələlərdən biridir. Əlbəttə ki, bu gün işğaldan azad olunan ərazilərdə yaşayışın tezliklə təmin olunmasında ərazilərin minalardan, partlamamış hərbi sursatdan və s. təmizlənməsi əsas amillər sırasındadır. Minaların təmizlənməsi maliyə itkisi ilə yanaşı, vaxt itkisinə də səbəb olur. Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb. Artıq Azərbaycanın Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan kimi rayonlarının ərazilərində aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə, eləcə də tank əleyhinə minlərlə mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Bu işi gücləndirmək məqsədi ilə dövlət başçısı "Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalayıb. Fərman Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlarından təmizlənməsi sahəsində əlaqələndirmə işini gücləndirmək məqsədi daşıyır. Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti beynəlxalq humanitar minatəmizləmə standartları nəzərə alınmaqla, minatəmizləmə fəaliyyətinə dair tələbləri üç ay müddətində təsdiq edərək, bu barədə Azərbaycan Prezidentinə məlumat veriləcək. Fərmanda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin təklifləri əsasında işğaldan azad edilmiş ərazilərin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlarından təmizlənməsi sahəsində prioritet təşkil edən ərazilər nəzərə alınmaqla minatəmizləmə üzrə illik planı hər il dekabrın 25-dək təsdiq etmək qeyd olunub. Fərmanda Agentliyin maddi-texniki təminatını gücləndirmək məqsədilə zəruri tədbirlər görülməsini təmin edilməsi də əksini tapıb. Agentlik və Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti arasında tapşırıqların bölgüsü həyata keçirəcək.

Minatəmizləmə sahəsində fəaliyyət göstərən digər dövlət orqanları minatəmizləmə fəaliyyətini tapşırıqlar bölgüsünə uyğun olaraq öz qüvvə və vasitələri hesabına həyata keçirəcəklər.

Bildiyimiz kimi, ərazilərin minalardan təmizlənməsi istiqamətində işlər davam etdirilir. Ermənistan Ağdam rayonu üzrə basdırdığı tank və piyada əleyhinə 97 min minanın, Füzuli və Zəngilan rayonlarında isə 92 min minaya dair xəritələrini Azərbaycana təhvil verdi ki, bu da dövlətimizin diplomatiyasının növbəti uğuru idi. Bu, dövlət başçısının həyata keçirdiyi uzaqgörən siyasətin məntiqi nəticəsidir ki, ilk olaraq Ağdamda, daha sonra isə Füzuli və Zəngilanda basdırılmış minaların xəritələrini Ermənistandan ala bildik. Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşın, o cümlədən minatəmizləyənlərin həyatını təhlükədən xilasında böyük əhəmiyyət daşıyır. Bu günə qədər yüzdən artıq vətəndaşımız minaya düşərək, xəsarət almış və onlarla insan həyatını itirmişdir. Xəritələrin təhvil verilməsi işğaldan azad edilmiş ərazilərimizdə tikinti və yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesinə təkan olacaq.

"Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinin daha da sürətləndirilməsinə imkan verəcək.

Nəzakət ƏLƏDDİNQIZI