"Ölkədə azğınlaşmış məmurların cəzalanması ilə bağlı işlər davam edəcək" - DEPUTAT AÇIQLADI

17 Sentyabr 2021 11:26 (UTC+04:00)

"Məmur-vətəndaş münasibətləri haqda danışanda bilmək lazımdır ki, bu münasibətlər dövrdən, ölkədən asılıdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, ümumi deyilsə, məmur-vətəndaş münasibətləri qanun çərçivəsində olmalıdır. Qanun necə müəyyənləşdirir elə də o münasibətlər qurulmalıdır. Rasim Musabəyov fikrini belə izah edib: "Təəssüflər olsun ki, qanun bütün məmur-vətəndaş münasibətlərinin palitrasını əhatə edə bilmir. Necə ki, həyatda müəyyən boşluqlar qalırsa, burada da boşluq qalır. Üstəlik mən deyərdim ki, qanunlarla yanaşı məmurda da insaf və ədalət hissi olmalıdır. Nəhayət, dediyim bütün bu şərtlərin özünü göstərməsi üçün şəffaflıq olmalıdır və vətəndaş nəzarəti vacibdir. Xatırlatmaq istərdim ki, cənab Prezident son çıxışında yeni icra hakimlərini video-konfrans vasitəsi ilə qəbul edəndə demişdi ki, bəli, ölkədə azğınlaşmış məmurların cəzalanması ilə bağlı işlər davam edəcək. Cənab Prezident vətandaş nəzarəti və şəffaflığın bu baxımdan olduqca vacib olduğunu deyib".