İnternetdə davranış qaydaları: Nələrə diqqət etməli? - DİQQƏT - EKSPERT AÇIQLADI

17 Sentyabr 2021 11:00 (UTC+04:00)

“İnternetdə davranış qaydaları var hansı ki, bu qaydalar şəxsin təhlükəsizliyi üçün vacib məsələdir və bu qaydalara riayət etmək lazımdır”. Bu fikirləri SİA-ya açıqlamasında İKT İnformasiya Mərkəzinin direktoru, İKT mütəxəssisi Fərid Kazımov deyib.

Onun sözlərinə görə, dünyanın aparıcı biznesmenləri, milyarderləri öz komputerlərinin kameralarını hər zaman bağlı saxlayırlar: “Kameralar xüsusi vasitələrlə fiziki şəkildə bağlı saxlanılır. İP-də yüksək müdafiə sistemi olsa da, onu sındırmaq çox asandır. Hər yeni yaradılan təhlükəsizlik üsullarına qarşı əks hücum etmək üçün yollar yaradılır. Bu mübarizə hər zaman davam edir və davam edəcək. Bu nöqteyi-nəzərdən həyatımızdakı ağıllı cihazları ilə davranış qaydalarını bilməliyik”.

F.Kazımov məsləhət görür ki, ağıllı telefonların və komputerlərin ön kameralarını tünd rəngli yapışan bantla bağlanılsın: “Bilmədiyiniz saytlarda öz şəxsi məlumatlarınızı bölüşməyin. "Feysbuk"da mesencer vasitəsilə gələn bir sıra mesajlarda da biz telefonlara virus yükləndiyini gördük. Bütün bunların qarşısını almaq üçün elementar davranış qaydalarını bilmək lazımdır. Bilmədiyiniz məlumatları, tanımadığınız elektron poçtlardan göndərilən faylları yüklənməyin. Əgər, bu qaydalara riayət olunsa, heç bir problem olmayacaq”.