“Problemin həlli Ermənistanın səlahiyyətində deyil...”

17 Sentyabr 2021 09:30 (UTC+04:00)

Azərbaycan polisi tərəfindən Ermənistanın Syunik bölgəsində saxlanılan İran yük maşını sürücülərinin üç gün ərzində sərbəst buraxılacağı gözlənilir.

Qeyd edək ki, bunu erməni baş nazirinin müavini Suren Papikyan erməni jurnalistlərə verdiyi açıqlamasında bildirib.

Papikyana görə, problemin həlli Ermənistanın səlahiyyətində deyil. Onun həllinə artıq Rusiya sərhədçiləri də qatılıblar: “...Hazırda danışıqlar gedir. Bundan əlavə, İran diplomatları da öz kanalları vasitəsilə də işləyirlər”.

Erməni baş nazirin müavini onu da bildirib ki, Ermənistan bu riskləri nəzərə almasa da, amma digər tərəfdən onun başqa çarəsi də yoxdur. Mövcud vəziyyətə görə yük daşımalarının həcminin azalmadığını bildirən Papikyan: “...İrandan Ermənistana mal daşınması dayanmayacaq. İndi həm də bütün malların Ermənistanın istənilən hissəsinə daşınması üçün alternativ variantlarımız var, bundan əlavə biz həmçinin Ermənistanı İranın tranzit ölkəsi hesab edirik”- deyə bildirib.

Qeyd edək ki, “Aysor.am” xəbər saytı əməkdaşının azərbaycanlıların Gorus-Qafan yolunun bir hissəsində qalıb-qalmayacağı sualına, Papikyan hər iki ölkənin delimitasiya və demarkasiya aparmadığı üçün konkret cavab verə bilməyəcəyini deyib.

Ağasəf Babayev