Rusiya yeni raket əleyhinə müdafiə sistemini sınaqdan keçirib

17 Sentyabr 2021 07:22 (UTC+04:00)

Bu günlərdə Rusiyanın Aerokosmik Qüvvələri yeni raket əleyhinə müdafiə sistemini sınaqdan keçirib. “RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, sınaqlar Qazaxıstanın Sarı-Şaqan poliqonunda keçirilib. Hava Hücumundan Müdafiə Raketdən Müdafiə bölməsinin komandanı general-mayor Sergey Qrabçukun sözlərinə görə, yeni raket əleyhinə raket bir sıra sınaqlardan sonra “özünəməxsus xüsusiyyətlərini etibarlı şəkildə təsdiqləyib”. Yəni generalın dediyinə görə, “...döyüş ekipajları, şərti hədəfi göstərilən dəqiqliklə vuraraq vəzifəni uğurla həyata keçiriblər”.

Xatırladaq ki, hələ aprel ayında Amerikanın “19FortyFive” nəşri Rusiyanın Amerika raketlərini “öldürə biləcək” yeni bir raket müdafiə sistemini sınaqdan keçirdiyini iddia edirdi. Nəşrin yazdığına görə, ABŞ təkcə Moskvanın düşmən raketlərini məhv etmək qabiliyyəti ilə deyil, həm də onlardan düşmən peyklərini yox etmək üçün istifadə etməsindən də narahatdır.

Ağasəf