Dövlət vətəndaşı soymamalıdır, soyundurmamalıdır - İRAD - MƏRKƏZ SƏDRİNDƏN SƏRT REAKSİYA

16 Sentyabr 2021 12:46 (UTC+04:00)

“Mən sosial məsafəni qorumağın, maska taxmağın, tələb olunan gigiyenik qaydalara əməl etməyin tərəfdarıyam. Bu məhdudiyyətlər bizim qorunmağımıza xidmət edir”. Bunu SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib.

Onun sözlərinə görə, vətəndaşlar özlərinin və çevrəsindəki insanların taleyinə biganə yanaşmamalı, qaydalara maksimum riayət etməlidirlər: “Vətəndaşların keçidlərdə maska taxılması ilə bağlı tələbə gəlincə, burada mübahisəli məqamlar az deyil. Bəzi vətəndaşlar hesab edirlər ki, keçid qapalı məkan olmadığı, hər iki tərəfi açıq olduğu, havalanmaq imkanı olduğu üçün orada maska taxmaq vacib deyil. Həkim olmadığım üçün keçidlərdə maska taxmağın zəruriliyi barədə nə isə söyləyə bilmərəm. Amma bir jurnalist kimi vətəndaşların hər fürsətdə cərimələnməsinin əleyhinəyəm. Onsuz da pandemiya hamımızın büdcəsinə ağır zərbə vurub. Koronavirus səbəbi ilə uzun müddət minlərlə iş yeri bağlı qalıb. İnsanlar sosial problemlərdən əziyyət çəkirlər. Belə həssas durumda onları cərimələmək xoşniyyətli fəaliyyət deyil. Vətəndaş cibindəki sonuncu qəpik-quruşunu cərimələri ödəməyə sərf etməməlidir. Dövlət vətəndaşı soymamalıdır, soyundurmamalıdır. Dövlətin işini vətəndaşı geyindirməkdir, yedirməkdir. Dövləti təmsil edən adamlar insanları cərimələmək üçün bəhanə axtarmamalıdırlar. Mən pandemiya zamanı yazılan bütün cərimələrin ləğv olunmasının tərəfdarıyam. Onsuz da xalqımız pandemiya üzündən yetərincə əziyyət çəkib. İnsanlara əlavə probelmlər yaratmağa ehtiyac yoxdur”.

Arzu Qurbanzadə