“Üç qardaşın birgə dəmir yumruğunun formalaşdığını müşahidə edirik” HƏRBİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ

15 Sentyabr 2021 15:26 (UTC+04:00)

“Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının birgə hərbi təlimin rəsmi məqsədlərini Müdafiə Nazirliyi açıqlayıb. Amma qeyri-rəsmi məqsədlərindən biri hər üç qardaş ölkənin xüsusi təyinatlı qüvvələri arasında mehribançılıq qardaşlıq dostluq münasibətlərinin inkişaf etdirmək, onların döyüş əməliyyatları teatrında qarşılıqlı əlaqədə birgə fəaliyyətlərini təmin etməkdən ibarətdir. Xatırladıram ki, Azərbaycanda əvvəl keçirilən Türkiyə Azərbaycan təlimləri regional xarakter daşıyırdı və bu təlimlərdə bir çox vaxt biz Pakistanın da müşahidəçi qismində iştirakını müşahidə edirdik”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev söyləyib.

Onun sözlərinə görə, müşahidələr nəticəsində də yaxın gələcəkdə Pakistanın bura 3-cü bir tərəf kimi birgə təlimlərdə iştirakını proqnozlaşdırırdıq: “İlk dəfədir ki, Azərbaycan Türkiyə və Pakistan artıq beynəlxalq platformada keçirilən birgə təlimlərdə həm də Azərbaycan ərazisində iştirak edirlər. Artıq Azərbaycanın Qarabağ müharibəsində düşmənə nümayiş etdirdiyi dəmir yumruğun universal və üç qardaşın birgə dəmir yumruğunun formalaşdırdığını müşahidə edirik. Bir sözlə, bundan sonra Azərbaycanın o cümlədən də digər tərəfdaşların qarşı ərazi iddiaları irəli sürən ölkələr artıq tək bir ölkənin deyil, həm də digər iki ölkə ilə bərabər universal üç qardaş dəmir yumruğu ilə qarşılaşmaq məcburiyyətində qalacaqlar”.