YAP-ın novatorluq mexanizmi: ənənəvi müxalifət örnək götürürmü? SİYASİ RAKURS+ÖZƏL

15 Sentyabr 2021 14:45 (UTC+04:00)

Hakim partiya yeni ideyalar, təkliflər və müzakirələr fonunda qoyulan vəzifələrin öhdəsindən qısa müddətdə, eləcə də uğurla gəlməyi qarşısına qətiyyətli məqsəd kimi qoyub

Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyasının (YAP) son qurultayında 5 siyasi təşkilat hakim partiyaya birləşdi və onun sıraları daha da genişləndi. Bu, həm də belə bir nəticəyə gəlməyə zəmin yaratdı ki, YAP-da aparılan struktur dəyişiklikləri və partiyadaxili islahatlar artıq öz bəhrəsini verməyə başlayıb.

Lakin hər şey bununla da başa çatmır. Artıq mövcud proseslərdən belə də nəticə hasil etmək olar ki, hakim siyasi təşkilatın bütün daxili strukturlarında - gənclər və s. qollarında rayon və şəhər təşkilatlarında novatorluq, modern idarəçilik prisnipləri öncüllük təşkil edir. Daha dəqiq desək, yeni ideyalar, təkliflər və müzakirələr fonunda YAP üzərinə götürdüyü vəzifələrin öhdəsindən qısa müddətdə, eləcə də uğurla gəlməyi qarşısına qətiyyətli məqsəd kimi qoyub.

Son 27-28 ilə yaxın müddət ərzində dəfələrlə blok və s. qurumlarda, hətta partiyalar arasında birləşmə iddiaları irəli sürülsə də...

Misal üçün, işgörmə potensialı, siyasi bilgisi, yetkinliyi olan gənclər irəli çəkilir, onlara müxtəlif istiqamətlərdə mühüm vəzifələr həvalə olunur. Başqa mühüm strktur dəyişiklikləri də partiyadaxili islahatların davamı olaraq dəyərləndirilə bilər. Bütün bunlar isə əlbəttə ki, partiyanın idarəçilik mexanizmindəki müaisrlik və tərəqqi meyarlarının məntiqi nəticəsidir. Necə deyərlər, zaman yeniləndikcə, tələblər də yenilənir və artır, bütün bunların müqabilində isə proqressiv fəaliyyətin mövcud olması şərtdir.

Lakin bu kimi amillərin radikal müxalifət düşərgəsində görmək qeyri-mümkündür. Hətta yumşaq desək, YAP-la özlərini “ana müxalifət” kimi ictimai rəyə zorla sırıyan Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat və s. bənzər radikal xarakterli partiyaları müqayisə etmək belə doğru hesab edilə bilinməz. Ümumiyyətlə, müxalifət düşərgəsində son 27-28 ilə yaxın müddət ərzində dəfələrlə blok və s. qurumlarda, hətta partiyalar arasında birləşmə iddiaları irəli sürülsə də onların həmin cəhdləri sadəcə baş tutmayıb. Bunun isə ilkin səbəbi həm partiyadaxili mühitdə yaşanan qarşıdurmalar, həm də partiyalararası mənafe savaşlarıdır.

O da əbəs deyil ki, bu reallığı istər birbaşa, istərsə də dolayısı ilə təsdiq edən digər müxalifət partiyaları da var. Onlar da birləşmək, birgə fəaliyyət göstərmək kimi mümkün siyasi vasitələrdən uzaq olduqlarını etiraf edirlər.

AXP sədri Pənah Hüseyn müxalifət partiyalarının bir araya gəlməsinə niyə inanmır?

Məsələn, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn mövzu ilə bağlı mətbuata açıqlamasında bildirib ki, müxalifət partiyalarının birləşmə maraqları olsa da, proses görünmür. Başqa tərəfdən isə partiyaların birləşməsi yox, yeni partiyalaşma prosesinin müşahidə olunduğunu deyən AXP sədri birləşmənin mümkünsüzlüyünə eyham vurur. Həmçinin, əgər iddia edirsə ki, yeni partiyalaşma prosesi gedir, bunu müxalifət partiyalarının uğurları kimi də qiymətləndirmək doğru olmazdı. Bu imkanı onlara yaradan əlbəttə ki, demokratik iqtidardır.

Pənah Hüseyn ehtimal edir ki, müxalifət partiyalarının arasında arzuolunan qüvvələrin fikir mübadiləsi aparıla bilər, ancaq bu da hələlik bir təşəbbüsdür və baş tutub-tutmayacağını indidən demək mümkün deyil.

Göründüyü kimi, təşəbbüs, yaxud cəhd hələ ki, yekun nəticə sayıla bilməz.

Arif Hacılıya sual var: əgər siyasi təşkilatlar birgə fəaliyyət göstərəcəklərsə, nəyə görə birləşmək imkanından istifadə etmirlər?

Müsavat partiyasının başqanı Arif Hacılı da düşərgə daxilindəki birliyin mümkünsüzlüyünü öz düşüncəsinə görə şərh edib. Hansısa partiyaların bir-biri ilə birləşməsi ilə bağlı hər hansı bir məlumatının olmadığını deyən Arif Hacılı bildirib ki, əslində, siyasi qüvvələrin birliyi dedikdə, siyasi təşkilatların birləşməsi yox, daha çox onların birgə fəaliyyəti nəzərdə tutulmalıdır.

Ancaq Müsavat başqanın bu cür fikir bildirməsi növbəti fikri, daha doğrusu sualı ortaya çıxarır: əgər siyasi təşkilarlar birgə fəaliyyət göstərəcəklərsə, nəyə görə birləşmək imkanından istifadə etmirlər? Misal üçün, YAP-a birləşən digər partiyaların verdikləri qərar kimi.

Maraqlıdır ki, Arif Hacılı bu dəfə də müxalifət düşərgəsində ayrıseçkilik toxumu səpməklə konstruktiv fəaliyyət göstərən, radikallıqdan uzaq olan müxalifət partiyalarını “iqtidarın nəzarətində olan partiyalar” adlandırıb.

Nədənsə nə Müsavat, nə də AXCP rəhbərliyinin imzalarını dövlətin maraqları naminə yazılan bəyanatda görə bilmədik

Halbuki, bu partiyalar heç də iqtidarın nəzarətində deyillər, onlar iqtidarın apardığı siyasəti dəstəkləyir, bu istiqamətdə dövlətçiliyin möhkəmləndirilməsi üçün dəstək fəaliyyəti göstərirlər. Biz bunu 44 günlük müharibə zamanı 50 partiyanın imzaladıqları Prezidentə və Ali Baş Komandana dəstək bəyanatlarında da, Şuşa Bəyannaməsinin imzalanması prosesində də gördük.

Lakin nədənsə, nə Müsavat, nə də AXCP rəhbərliyinin imzalarını dövlətin maraqları naminə yazılan bəyanatda görə bilmədik. Bu sualın cavabı isə hələ də radikal müxalifət partiyalarının rəhbərləri tərəfindən verilməyib və verməyə cavabları da yoxdur. Yəni dövlətçilik maraqlarının, onun müdafiəsinin naminə hakim YAP-la atılan birgə addımları “iqtidarın nəzarət etdiyi partiyalar” kimi qiymətləndirməyin özü əslində naşılığın, siyasi yetkinsizliyin bariz göstəricisidir. Bütün bu mənfi cəhətlər isə istər Arif Hacılıda, istərsə də Əli Kərimlidə mövcuddur.

ADP sədri Sərdar Cəlaloğluna görə, hazırda müxalifət düşərgəsində təmərküzləşmə ilə bağlı heç bir cəhdlər yoxdur

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, partiyaların birləşməsi və təmərküzləşməsi vacib və zəruridir. Belə ki, siyasi partiyaların dağınıqlığı siyasi nəticələr əldə olunmasına ciddi mane olur, ümumi çaşqınlıq yaradır.

ADP sədri hesab edir ki, reallığa qalanda əgər müxalifət partiyaları birləşə bilmirlərsə, özləri öz aralarında ortaq siyasi məxrəcə gəlməyi bacarmırlarsa, bu zaman onların ölkənin siyasi arenasında tıxac yaratmalarına da heç bir ehtiyac qalmır. Belə ki, səmərəsiz fəaliyyət digər partiyaların işlərinə maneə törədir.

Sərdar Cəlaloğluna görə, Azərbaycanda ən yaxşı halda 3-4 partiya olmalıdır. ADP sədri hesab edir ki, hazırda müxalifət düşərgəsində təmərküzləşmə ilə bağlı heç bir cəhdlər yoxdur və partiyalar birləşən zaman bir-birinə güzəştlər edə bilməlidir, ancaq bu da müşahidə olunmur.

Beləliklə, bu kimi faktorlardan belə bir nəticəyə gəlmək olar ki, siyasi partiya idarəçiliyi mexanizminin uğurlu nəticələrinin öyrənilməsi üçün bir sıra müxalifət partiyaları YAP-ın fəaliyyətinə nəzər salmalı, əldə edilən uğurlardan analitik qənaətlərinə gəlməlidirlər. Əks halda, siyasi faəliyyətsizlik onların cəmiyyət, ictimai rəy arasındakı olan-qalan nüfuzlarını da heçə endirə bilər. Yəni heç bir əməli fəaliyyət göstərmədən mətbuata çıxmaqla partiya sədri kimi istənilən məsələlərə münasibət göstərməklə partiya idarəçiliyini əldə saxlamaq mümkün deyildir.

Rövşən RƏSULOV