“Siyasi mübarizə dialoq vasitəsi ilə aparılmalıdır” PARTİYA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

15 Sentyabr 2021 14:57 (UTC+04:00)

“AXCP, Müsavat kimi partiya funksionerlərinin digər partiyalara aşağılayıcı münasibət bəsləmələri qısqanclıqdan doğur”. Bunu Təkamül partiyasının sədri Teyyub Qənioğlu “Səs” qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, özlərini iri partiya hesab edən AXCP və Müsavat partiyası ilə “Demokratik konqres”də bir yerdə iştirak etmişik və bunlar mənin potensialımı bilirlər: “Yəni sözügedən partiya rəhbərləri bilirlər ki, iştirak etdiyim məclisdə hətərən-pətərən danışmaq mümkün deyil. Bir sözlə, mən olan məclisdə dövlət, dövlətçilik, dövlət və milli mənafelik əleyhinə hər hansı bir fikir söyləmək mümkün deyil və öncə cavablarını alacaqlar. Ona görə də, bizi məclislərə dəvət etmirlər. “Demokrat konqres”in parçalanmasının müxtəlif səbəbləri var və bu haqda geniş danışmaq istəmirəm. Özünü böyük partiya hesab edənlərin fəaliyyəti göz qabağındadır. Bu gün bir partiyanın deyək ki, bütövlüyünü saxlaya bilməyənlər hakimiyyət uğrunda mübarizə aparmaq istəyirlər və ölkənin bütövlüyü, suverenliyi və demokrat vəziyyətindən danışırlar. Yəni öz partiyasında demokratiya yarada bilməyənlər, bu gün demokratiyadan danışırlar. Biz isə bunların əleyhinəyik. Baxaq görək AXCP neçə yerə parçalanıb? Əli Kərimlinin rəhbərlik etdiyi partiya 8 yerə parçalanıb”.

T.Qənioğlu bildirdi ki, Ə.Kərimli bu gün hansı iddia ilə hakimiyyət uğrunda mübarizə aparır: “Partiya daxilində demokratiya yarada bilməyən və öz üzvlərinin haqqını tapdalayan Ə.Kərimli hansı haqla insan haqlarından danışır? Müsavat partiyası 4 yerə parçalanıb. Onlar necə yarandı? Müsavat partiyası daxilində demokratik bir mühitin olmaması səbəbindən. Azərbaycanda insan haqlarının pozulduğu haqqında gedib Amerikada şikayət edirlər. Amerikada da 100 milərlə hindunu qətlə yetiriblər, bir neçə ölkəni viran edib, müxtəlif ölkələrdə milyonlarla insanı qətlə yetirib və bu gün də bu proses davam edir. Siz isə gedib orada insan haqlarını axtarırsınız. Bizim mövqeyimiz budur və bu mövqeyi bunlar qəbul etmirlər. Çünki biz mübarizənin dialoq vasitəsi ilə, sivil yollarla aparılmasının tərəfindəyik. Biz istənilən zorakılıq, çevriliş çağırışlarını qəti şəkildə rədd edirik və bunun əleyhinəyik. Təbii ki, müxalifət partiyası iqtidara müxalifətdə olmalıdır. İqtidara müxalifətdə olmaq olar, dövlətə müxalifətdə olmaq olmaz, lakin bunlar dövlətə müxalifətdədirlər. Azərbaycanın 44 günlük vətən müharibəsində qazandığı möhtəşəm qələbəni kim həzm edə bilmir? Birinci ermənilər, xaricidə ruslar, fransızlar, amerikalılar. Daxildə isə AXCP, Müsavat sosial şəbəkələr vasitəsi ilə nə qədər qarayaxmalar aparır, orduya, millətə, dövlətə qarşı nə şər və böhtanlar səsləndirirlər”.

Partiya sədri onu da qeyd etdi ki, biz Təkamül Partiyası olaraq siyasi mübarizəni dialoq vasitəsi ilə aparılmasının tərəfindəyik: “2019-cu ilin dekabr ayından başlayaraq ölkədə yeni konfiqurasiya yaranıb və dialoq prosesi başlayıb. Onlar bunu bəyənmirlər. Çünki bunlar özlərini böyük sayır və deyirlər ki, bu bizim səviyyəmiz deyil. Dialoq istəyiriksə, qoy Prezident bizimlə dialoq aparsın. Bizim orda qaldırdığımız məsələlərin hamısı Ədalət müəllimin dediyi kimi, ümumiləşdirilir və Prezidentin nəzərinə çatdırılır. Əgər ehtiyac yaranarsa, sizi dəvət edib təkbətək görüşsünlər. Axı imtina etməkdə məqsəd nədir? Məqsəd odur ki, bunların deməyə sözləri yoxdur. Orda digər partiyaları kiçildib aşağlamaqla özlərinin böyüklüklərini nümayiş etdirmək istəyirlər. Amma partiyanın böyüklüyü onun pafoslu çıxışlarından ibarət deyil. Onun irəli sürdüyü ideyalar, fikirlər, verdiyi təkliflər və onların cəmiyyət tərəfindən qarşılanması partiyaların böyüklüyünü göstərən amildir. Təkamül partiyası olaraq bizim məqsədimiz millətçilik, dövlətçilik maraqlarına xidmət etməkdir”.