"Hər bir dərddən olur yaman ayrılıq..." ŞƏRH

15 Sentyabr 2021 14:08 (UTC+04:00)

Milyonların sevimlisi Yaqub Zurufçu əbədi dünyasına qovuşdu

Nəğmələrdə yaşayan ömür. Neçə qərinələr, illər sevgi dolu mahnılarda yaşandı. Hər ifada vətən, torpaq sevgisi boy atdı. Dolaşdı elimizi, obamızı bu nəğmələr. Həsrət dolu, vüsal dolu nəğmələr. Bir arzu, istək var idi bu nəğmələrdə. Hər birində böyük qəlb yaşayırdı. Azərbaycan deyəndə sanki böyük, ilahi bir eşqi izhar edilirdi. İfası, dəsti-xətti ilə bir vokalist və müğənni kimi yaddaşlarda əbədi kök saldı. Bu, Azərbaycanın sevilən müğənnisi, əməkdar artist Yaqub Zurufçudur. Bir çox sənətkarlarının dilindən düşməyən "Ayrılıq" mahnısına başqa bir nəfəs, həyat verən Yaqub Zurufçu. Bu mahnının bir neçə ifaçısı olsa da, sanki hamı elə "Ayrılıq"mahnısının müəllifinin Yaqub Zurufçu olduğunu zənn edir. Rəşid Behbudov, Ququş, Barış Manço, Zeki Müren kimi məşhur müğənnilərin ifasında səslənən "Ayrılıq" mahnısını sanki Yaqub Zurufçu öz dünyasından bütün insanlara bir mesaj olaraq göndərirdi. Ona ikinci həyat bəxş etdi. Bir yanğı var idi bu ifada.

Fikrindən gecələr yata bilmirəm

Bu fikri başımdan ata bilmirəm.

Neyləyim ki, sənə çata bilmirəm

Ayrılıq, ayrılıq, aman ayrılıq

Hər bir dərddən olar yaman ayrılıq.

Bu gün belə bir nəfəsli ifaçını itirdik. Əbədi mənzilinə yolçu oldu. 1956-cı ildə aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olan sənətkar taleyin hökmüdür, yoxsa yazısıdır bilmirəm, sevib-seçdiyi diyarda - Azərbaycanda son nəfəsini aldı. Tərcümeyi-halı maraq doğurur. 7 yaşında Fərvərdin Mədrəsəsində təhsilə başlayan Yaqub elə o illərdə Təbrizin uşaqlar proqramında iştirak edib və "Cücələrim" mahnısı ilə həm Azərbaycan və həm İranda dillər əzbəri olmuşdu. 11 yaşında isə xalq mahnıları və bəstəkar mahnılarıyla tez bir zamanda tanış olan və məharətlə ifa edən Yaqub Zurufçu 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək "Evləri Var Xana-Xana", "De gülüm gəlsin, ay nənə", "Dilbər" mahnısını ifa etmişdir. Müğənni bu istedadını və oxumaq istəyini atasının uzun müddət Bakıda yaşaması və Azərbaycan musiqisinə olan böyük sevdası ilə əlaqələndirmişdi.

Yaqub Zurufçu 19 yaşında Tehran Universitetinin İqtisad fakültəsində təhsil alıb. Eyni zamanda, Tehranın operasının xorunda öz musiqi fəaliyyətini davam etdirib. 1979-cu ildə İranda xalq inqilabından 1 il sonra, 1980-ci ildə İranı tərk edib. Almaniyaya köçən müğənni öz musiqi təhsilinə Hamburq şəhərində başlayıb. Vokal sənəti üzrə diplom alan müğənni daha sonra Amerikanın Florida ştatında Miami şəhərinin Miami Universitetində vokal sənəti üzrə master diplomunu almışdır.Bu illərdə ürəyində Azərbaycan musiqisi sevdası yaşayan Yaqub Zurufçu hər zaman milli musiqi ruhuyla yaşayır və Azərbaycana gəlmək ən böyük arzularından biri olaraq qalırdı. Nəhayət, 1989-cu illərin əvvəllərində Azərbaycanın məşhur müğənnilərindən biri olan Gülağa Məmmədov Almaniyaya səfər edib. Yaqub Zurufçunun "Ayrılıq" mahnısına çəkmiş olduğu sadə klipi görüb heyrətə gəlib. Azərbaycanın Cənubi və Şimali Azərbaycan adlı hissələrə ayrılmasına həsr edilən klipi Azərbaycana gətirən müğənni bu mahnının televiziyada yayımlanmasına müvəffəq olub və böyük əks-sədaya səbəb olur. Beləliklə, Yaqub Zurufçu 1989-cu ildə Gülağa Məmmədovun dəvəti, Vətən Cəmiyyətinin köməyi ilə ilk dəfə Azərbaycana gəlir. Böyük bir sevgi var idi bu səfərdə. "Azadlıq" meydanında "Ayrılıq" mahnısını dizi üstə çöküb oxudu. Bu, başqa bir dünya idi. Xalqın azadlıq eşqi ilə yaşadığı və mücadilə etdiyi bir zamanda belə bir mahnının səslənməsi sanki bir filmin ssenarisi idi. Dünyanın bir çox ölkələrində olmuş sənətkarın Bakıya səfəri başqa bir səfər idi. Musiqisevərlər onu başqa bir sevgi ilə qarşıladılar. O sevgini ömrünün son gününə qədər görmüş oldu.

Azərbaycana çox bağlı insan idi. O da Azərbaycanın işğal altında olan torpaqlarının azad olunacağı günü böyük ümidlə gözləyirdi. Nə yaxşı ki, o günlərin sevincini yaşamaq ona nəsib oldu. Müsahibələrin birində dediyi kimi, "Şuşa azad olunanda mən Üzeyir bəyi xatırladım. Üzeyirin şəhəri azad olundu. Arzum budur ki, Şuşanın mədəniyyət sarayında Üzeyir bəyin, Bülbülün adına konsert verək. İnanırsınız ki, mən ömrümdə Qarabağa getməmişəm. Azərbaycana ilk dəfə 1989-cu ildə gəlmişəm, o zaman Qarabağda vəziyyət pis idi, oralara gedə bilmədim. Ömrümdə ilk dəfə Qarabağı azad görmək qismətim oldu, bu, mənim üçün möcüzədir". Vurğulamaq yerinə düşər ki, Yaqub Zurufçu müharibə dövründə Solmaz xanım Şirvanlının sözlərinə bəstələdiyi "Qarabağ" adlı mahnını da məharətlə ifa etmişdir.

Xatırladaq ki, Yaqub Zurufçu ABŞ vətəndaşı olmaqla bərabər, 15 iyul 2009-cu ildən Azərbaycan vətəndaşlığını da almışdı. 17 sentyabr 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti" adına layiq görülüb. Görkəmli sənətkar 14 sentyabr 2021-ci ildə 65 yaşında Covid-19 xəstəliyindən dünyasını dəyişdi və əbədi dünyasına qovuşdu. Hər zaman ifası ilə yaddaşlarda yaşayacaq. Allah rəhmət eləsin!

Zümrüd BAYRAMOVA