Payız depressiyası nədir ? - PSİXOLOQ AÇIQLADI

15 Sentyabr 2021 13:47 (UTC+04:00)

"Depressiya (major depresif pozğunluq) - hisslərinizi, düşüncə tərzinizi və hərəkətlərinizi mənfi təsir edən ruhi bir xəstəlikdir. Depressiya zamanı kədər hissi, yorğunluq, halsızlıq, marağın itməsi kimi hallar müşahidə olunur. Depressiyanın əlamətləri hər gün və 2 həftədən çox davam etməlidir. Ayrıca, tibbi vəziyyət (məsələn, tiroid problemləri, vitamin çatışmazlığı) depressiya simptomlarını təqlid edə bilər. Depressiya ümumiyyətlə 20-30 yaşlarda başlayır, lakin hər yaşda baş verə bilər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Mahuxanım Teymurova deyib.

Onun sözlərinə görə, depressiya, müalicə edilə bilən bir xəstəlikdir: "Depressiya keçirən bir çox insan dərman, psixoterapiya və ya ikisinin birləşməsi ilə davam edən müalicə nəticəsində sağala bilər".

Depressiyanın əlamətləri:
•Kədər, səbəbsiz ağlamaq, boşluq və ya ümidsizlik hissi
•Keçmiş uğursuzluqlar qarşısında dəyərsizlik, günahkarlıq hissləri
•Düşünmək, konsentrasiya olmaq, qərarlar qəbul etmək və bir şeyi xatırlamaqda problemlər
•Düşünməkdə, danışmaqda və hərəkət etməkdə lənglik
•Ən kiçik məsələlərdə belə qəzəb, əsəbilik
•Hobbi, idman kimi normal fəaliyyətlərin əksəriyyətinə maraq və ya zövq itirilməsi
•İştahın azalması (kilo itkisi ) və ya nəzarətsiz çəki artımı
•Narahatlıq, təşviş
•Kürək və ya baş ağrısı kimi
•Ölüm və ya intihar haqqında tez -tez və ya təkrarlanan düşüncələr və ya intihar cəhdləri
•Yuxusuzluq və ya çox yuxu , yuxu pozğunluqları
•Yorğunluq və enerji çatışmazlığı
•Fərdlər çox vaxt səbəbini bilmədən özünü bədbəxt və ya ümidsiz hiss edə bilərlər.

Qadınlarda yoxsa kişilərdə daha çox depressiya olur?

"Qadınlarda depressiya kişilərə görə daha çox olması müşahidə olunur. Kişilər əsasən işsizlik, güc və ya səlahiyyət itkisi, xəstəliklər, iflas kimi problemlərdən "depressiya" olurlar.

Yəni nailiyyətli olmaq, yetərlilik hissi, güclülük kimi kişiyə aid edilən mövzularda yaşanan bir problem, onun depressiya olmasına səbəb ola bilər".

Bəs, payız depressiyası nədir?

"Günəşin daha az görünməsi ilə orqanizmdə melotonin hormonu artır, “xoşbəxtlik hormonu” sayılan serotonin isə azalır. Melotonin hormonu ilə yuxunun tənzimləndiyi məlumdur. Bu hormon yalnız qaranlıqda ifraz olunur, işıqda isə azalır. Yayda gecələr qısa olduğu üçün melotonin ifrazı azaldığı halda, uzun payız və qış gecələrində daha çox ifraz olunur".

"Depressiyaya tez-tez düşən insanlar, payız depressiyasına da asanlıqla yaxalanırlar. Qadınlar depressiyaya meylli olduqlarından, payız depressiyasına da ən çox qadınlarda rast gəlinir. Depressiya dərman, psixoterapiya və ya ikisinin birləşməsi ilə müalicə olunur".

Ayşən Vəli