"Digər sahələrdə qiymət artımı ehtimalı yüksəlir" - İQTİSADÇI AÇIQLADI

15 Sentyabr 2021 13:47 (UTC+04:00)

"“Aİ-95” və “Aİ-98” markalı benzin Azərbaycanda dövlət tərəfindən tənzimlənmir. Bir neçə il öncə bu dövlət tənzimlənməsindən çıxarılaraq, TARİF şurasının nəzarətindən kənarda saxlanıldı. Belə elan edildi ki, bu sahədə liberal bazar qaydaları, rəqabətli mühit qiyməti tənzimləyəcək". Bunları SİA-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, bu baş vermədi. SOCAR bu bazarda yeganə oyunçuya və istədiyi tərzdə qiymətin qaldırılması ilə bağlı təkbaşına qərar verən bir təşkilata çevrilib. Çünki dövlət tərəfindən tənzimlənmə olmadığını və başqa oyunçuların olmadığını nəzərə alaraq, bir tək SOCAR-ın bu tip benzinləri ölkəyə gətirmək imkanı var. Natiq Cəfərli bu haqda fikrini belə izah edib: "Beləliklə də, qiyməti onlar təsdiq edir. Əslində, bunu müzakirə etmək lazımdır ki, neft ölkəsi olan Azərbaycan nəyə görə, özü keyfiiyyətli benzini istehsal etmir ki, “Aİ-95” və “Aİ-98” markalı benzin xaricdən gətirilir. Yəni illər öncə bu haqda qərarlar verilsə də, Azərbaycanda müəyyən neftayırma zavodları tikilmədi. Nəticə etibarı ilə biz xaricdən asılıyıq və xaricdə baş verən qiymət dəyişiklikləri Azərbaycana həmən təsir göstərir. Bu, “Aİ-95” və "Aİ-98” markalı benzinin iqtisadiyyatın digər sahələrinə açığı ciddi təsiri yoxdur. Çünki benzinlərdən iqtisadiyyatın hər hansı sahələrində istifadə olunmur. Bu benzinlərdən müasir maşınlarda istehlak olunur. Amma bu, bir gərginlik, təbii ki, yaradır. Bu növ benzinin qiymətinin qalxması digər qiymət artımına səbəb olar düşüncəsi yaranır. Nəticədə, digər sahələrdə qiymət artımı ehtimalı yüksəlir".