"Azərbaycan dost ölkələrlə bütün səviyyələrdə əlaqələrini daha da gücləndirir" - Sevinc Fətəliyeva

15 Sentyabr 2021 12:43 (UTC+04:00)

"Azərbaycan dost ölkələrlə bütün səviyyələrdə əlaqələrini daha da gücləndirir. Buraya hərbi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi də daxildir. Bu baxımdan, Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimi dostluq, qardaşlıq və hərbi-siyasi tərəfdaşlıq münasibətlərinin bariz nümunəsidir. Bu beynəlxalq təlim, eyni zamanda, ordular arasında mövcud olan ikitərəfli əlaqələrin daha da gücləndirilməsi, terrorla mübarizə üçün yeni üsulların kəşf edilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması baxımından olduqca mühüm əhəmiyyətə malikdir". SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirib.

Deputat diqqətə çatdırıb ki, Azərbaycan, Türkiyə və Pakistan çoxtərəfli münasibətlərin inkişafını strateji prioritet kimi müəyyənləşdiriblər. Bu ölkələr arasında çoxvektorlu münasibətlər praqmatik xarakter və qlobal önəm daşıyır. Xüsusilə də, qarşılıqlı etimad mühiti münasibətlərin inkişafına xidmət edən strateji amil kimi çıxış edir. Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsində Türkiyə və Pakistan Azərbaycanın haqlı mübarizəsinə qətiyyətli dəstək nümayiş etdirib. Bu siyasi və mənəvi dəstək əsl qardaşlıq nümunəsidir.

S.Fətəliyeva qeyd edib ki, regional və beynəlxalq əhəmiyyətə malik olan geostrateji reallıqların yarandığı yeni dönəmdə, postkonflikt mərhələsində hər üç ölkə müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsində, bir-birinin milli maraqlarının beynəlxalq müstəvidə qorunmasında güclü siyasi iradə nümayiş etdirir: “Bir neçə ay əvvəl Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşünün yekunlarına dair Bakı Bəyannaməsinin imzalanması da bu kontekstdə xüsusi vurğulanmalıdır. Bu addım tarixi-mənəvi və siyasi-strateji baxımdan olduqca mühüm əhəmiyyətə malikdir, eləcə də dost, qardaş və strateji tərəfdaş olan üç ölkə arasında çoxşaxəli münasibətlərin yeni mərhələdə daha da möhkəmləndirilməsinə xidmət edən, tərəflər üçün yeni perspektivlər yaradan strateji amildir”.

Deputatın sözlərinə görə, tərəflər arasında parlamentlərarası üçtərəfli əməkdaşlıq formatının təsis edilməsi, eyni zamanda, əməkdaşlığının dərinləşdirilməsi inteqrasiyanın intensivləşdirilməsi prosesinə vacib töhfədir. “Bütövlükdə, Türkiyə, Pakistan və Azərbaycanın strateji müttəfiqliyi Avrasiyada yeni aparıcı güc mərkəzinin formalaşmasını şərtləndirir. Bu yeni güc mərkəzinin fəaliyyəti, heç şübhəsiz, rifah və inkişaf vəd edir, regional və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə, təhlükəsizliyin təmin olunmasına xidmət göstərir”, - deyə S.Fətəliyeva fikirlərini yekunlaşdırıb. yap.org.az