"Əgər, 15 sentyabrda bu hadisə baş verməsəydi..." - DEPUTAT ŞƏRH ETDİ

15 Sentyabr 2021 12:05 (UTC+04:00)

“15 sentyabr Azərbaycan tarixinin ən əlamətdar və ən şərəfli günlərindən biridir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.

Onun sözlərinə görə, məhz 1918-ci ilin 15 sentyabrında Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Azərbaycanın paytaxtı Bakı şəhərini erməni-bolşevik işğalından azad etdi, ingilislərdən təmizlədi və Bakını Azərbaycanın paytaxtı olaraq bizə bəxş etdi: “Əgər, 1918-ci ilin 15 sentyabr tarixində bu hadisə baş verməsəydi, bu gün Bakı Azərbaycanın paytaxtı ola bilməzdi. Nuru Paşa və onun rəhbərliyi altında Azərbaycana gəlmiş, burada döyüşüb, yaralanan və şəhid olanların xatirələri bizim üçün çox əzizdir. 15 sentyabr 1918-ci il bir tarixi dərsidir”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, digər tərəfdən Bakının müstəqil Azərbaycanın paytaxtına çevrilməsində Türkiyə Cümhuriyyətinin Azərbaycana qardaş yardımının bir ifadəsidir: “Bu qardaşlıq, dostluq münasibətləri zaman-zaman davam etmiş və Ulu Öndər Heydər Əliyevin söylədiyi kimi, "iki dövlət, bir millət" münasibətinə çevrilmişdir. Azərbaycan-Türkiyə münasibətləri zaman-zaman inkişaf edərək müstəqil Azərbaycanın dövründə yüksək səviyyəyə gəldi çatdı. Cənab Prezident İlham Əliyevin Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın 15 iyun 2021-ci il tarixində Şuşa bəyannaməsini imzlamaları ilə bu dostluq, qardaşlıq münasibətləri ən yüksək səviyyəyə qalxmış oldu. Bundan əlavə Azərbaycanın müstəqillik dövrlərində Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə Türkiyə şahinlərinin Azərbaycan səmasında uçuşlar keçirməsi, ondan sonrakı dövrlərdə dəfələrlə Azərbaycan Prezidentinin, Azərbaycan Ordu rəhbərliyinin Türkiyədə, Türkiyə ordu rəhbərləyinin isə Azərbaycanda belə toplantılarda olmasının çox böyük əhəmiyyəti var”.

Arzu Qurbanzadə