Türkiyənin Baş Ombudsmanı “Türk Şəhidliyi” abidəsini ziyarət edib FOTO

15 Sentyabr 2021 10:45 (UTC+04:00)

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər.

SİA xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önünə tər güllər qoyduqdan sonra Dağüstü parkdan Bakının mənzərəsini seyr edib.

Daha sonra qonaqlar Türk şəhidliyi abidəsi önünə əklil qoyublar.

Qeyd edək ki, Ombudsman Səbinə Əliyevanın dəvəti ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti, Assosiasiyanın Baş katibinin müşaviri Muhammad Javed Ghani Azərbaycana səfərə gəlib.

Xatırladaq ki, İƏT və Pakistan Ombudsman nümayəndə heyətləri işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiya aparılması məqsədilə ölkəmizə səfərə gəlib. 14-19 sentyabr tarixlərini əhatə edəcək səfər çərçivəsində bir sıra rəsmi görüşlər nəzərdə tutulub.