Müəllimlərin bu tarixdən vakansiya seçiminə start veriləcək

15 Sentyabr 2021 10:39 (UTC+04:00)

Ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün növbəti vakansiya seçiminə 15 sentyabr saat 11:00-da start veriləcək. SİA Təhsil Nazirliyinə istinadən xəbər verir ki, 17 sentyabr saat 11:00-dək davam edəcək vakansiya seçimində namizədlərə 4 vakant yer seçmək imkanı veriləcək.

Vakansiya seçimində müsabiqənin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər. Təhsil Nazirliyindən verilən açıqlamada vakansiya seçimi prosesində iştirak edən namizədlərə elektron ərizələrini təsdiqləməyi unutmamaq tövsiyə edilib.

Qeyd edək ki, Təhsil Nazirliyi açıqlamasında vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakının təmin olunmayacağı bildirilib. Həmçinin, tutulmayan, tədris ili ərzində yeni yaranan vakant yerlərə isə namizədlərin imtahan nəticəsi və faktiki yaşayış yeri nəzərə alınmaqla əlavə yerləşdirmə həyata keçiriləcək.