Sabiq icra başçısı azadlığa buraxıldı

15 Sentyabr 2021 10:15 (UTC+04:00)

Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov səhhəti ilə əlaqədar həbsdən azad edilib. Bu barədə SİA-ya vəkil Elnur Vəliyev məlumat verib.

O bildirib ki, sabiq icra başçısının vəziyyəti həbsdə kəskin pisləşib və o, Şəki Şəhər Mərkəzi Xəstəxanasına köçürülüb: "Orada bildirdilər ki, Qoca Səmədov təcili ürək əməliyyatı keçirməlidir. Ona görə də təqsirləndirilən şəxs Bakı şəhərinə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirildi. İki gündür vəziyyəti ağırdır, anjioqrafiya olundu və diaqnoz qoyuldu ki, o ürək əməliyyatına salınmalıdır. Hazırda klinikada bununla bağlı hazırlıq görülür".

Vəkil deyib ki, Qoca Səmədiovun vəziyyəti pisləşdiriyindən məhkəmə onun barəsində başqa yerə getməmək qərarı çıxarıb və həbsdən azad edib.