Qafqaz İslam Ordusunun Azərbaycanda xilaskarlıq missiyası - TƏHLİL

14 Sentyabr 2021 17:34 (UTC+04:00)

15 sentyabr Bakının işğaldan azad olunmasından 103 il ötür. Tarixdən bizə məlumdur ki, 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra Qafqaz İslam Ordusu Azərbaycan xalq könüllü dəstələrinin köməyi ilə Bakını azad edib. Şəhər Stepan Şaumyanın bolşevik-daşnak rejimindən sonra hakimiyyəti ələ keçirmiş menşevik-daşnak tör-töküntülərindən – "Sentrokaspi diktaturası"ndan təmizləndi. 1918-ci il sentyabrın 17-də Fətəli xan Xoyski kabinetinin təşkilindən üç ay sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu. Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyət dairəsi genişləndi.Tariximizin ən şanlı səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və sonrakı mövcudluğunda Bakının azad edilməsi mühüm rol oynamışdır. Çox böyük strateji mövqeyə malik olan Bakıya o dövrdə olan maraq və diqqəti nəzərə alsaq, onun azad edilməsinin də heç də asan olmadığını anlamaq olar. Belə bir tarixi yaşamış Azərbaycan mövcud olan zaman kəsiyində yaşantılarını salnamələr əsasında diqqətdən keçirib. Bu gün həmin hadisədən bir əsrdən artıq zaman ötsə də, Azərbaycan tarixinin müəyyən bir hissəsi olan 15 sentyabrı xatırlamaq zəruri məqamlardandır.

QAFQAZ İSLAM ORDUSUNUN MƏNFUR DÜŞMƏNƏ QARŞI HƏRBİ TAKTİKASI

1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyi elan edildi və Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Gəncə şəhəri Azərbaycanın müvəqqəti paytaxtı elan edildi. Həmin zaman Bakı yadellilərin əlində idi və Azərbaycan dövlətinin şəhəri azad etmək üçün kifayət qədər qüvvəsi olmadığından xarici yardıma ehtiyac duyulurdu. Osmanlının hərbi naziri Ənvər paşanın qardaşı Nuru paşanın komandanlığı altında Qafqaz hərəkatı başladı. Tarixi mənbələrdə qeyd olunduğu kimi, cərgələrini yerli əhalidən doldurmaqdan və Bakı şəhəri azad edildikdən sonra problem yaranmasın deyə, ordu Qafqaz İslam Ordusu adlandırıldı. Hərəkatın hüquqi-siyasi təməlini Batum müqaviləsi təşkil edirdi.Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Bakının işğaldan azad olunmasında müstəsna rol oynayıb. 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar hələ də erməni-bolşevik işğalı altında idi. Belə bir şəraitdə özünün çox ağır durumuna baxmayaraq, Osmanlı dövləti Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini bura göndərib. Qafqaz İslam Ordusu Gəncədən azadlıq yürüşünü başlamaqla, bolşevik-daşnak qüvvələrini darmadağın etməklə, nəhayət, 1918-ci il sentyabrın 15-də Bakı şəhərinə daxil olub. Bakı camaatı sentyabrın 15-də Qafqaz İslam Ordusu ilə birgə şəhərə daxil olub. Mənbələrdə qeyd olunduğu kimi, Nuru paşanın verdiyi əmrəəsasən, şimal Cəbhəsində yerləşən 15-ci piyada diviziyası komandanının sərəncamında 38 alay, 2 süvari alayı, Azərbaycan türklərindən ibarət süvarilər və milis batareyaları var idi. Qalan bütün hərbi qüvvələr 13–14 sentyabr gecəsində qərb cəbhəsinə göndərildi. Bakı cəbhəsindən əsl hücuma keçəcək 5-ci Qafqaz piyada diviziyasının tabeliyindəki 9, 10, 13 və 56-cı piyada alaylarının orduları bütün günü bölgədəki dəmir yolunun ətrafında olan vadilərdə düşmən kəşfiyyatçılarından gizlənərək keçirdi. Cəbhədəki topçu dəstəsinin böyük bir bölüyü də 5-ci Qafqaz piyada diviziyasının tabeliyinə verildi. Üstəlik iki diviziyanın sərəncamındakı hərbi qüvvələrin münasibətində də böyük bir qeyri-sabitlik var idi. Qərb cəbhəsindəki 1.500 metrlik sahədə dörd alay döyüşəcəkdi. Belə dar bir sahədə bu qədər ordunun döyüş qabiliyyətini tam göstərərək müharibədə iştirakı bir qədər çətin olardı.

Təbii ki, Qafqaz İslam Ordusu bu azadlıq yürüşünə başlayarkən, azərbaycanlı əhali də ərzaqdan tutmuş silaha qədər kömək edirdi. Çoxları da öz cavan övladlarını Qafqaz İslam Ordusunun tərkibinə vuruşmağa göndərirdi. Ona görə təbii ki, bir tərəfdən dinc əhali, bir tərəfdən Qafqaz İslam Ordusu mənfur düşməni Azərbaycan torpağından çıxarmaq üçün əlindən gələni etdi.

AZƏRBAYCAN-TÜRKİYƏ DOSTLUĞU VƏ QARDAŞLIĞI TARİXİNƏ YAZILAN QƏLƏBƏ

Bakı işğaldan azad edilməsəydi, bu şəhərin indi Azərbaycanın paytaxtı olması sual altında qalardı. Çünki bolşeviklər Bakını Azərbaycandan ayıraraq, onu muxtar şəhərə çevirmək istəyirdilər. Qafqaz İslam Ordusu sentyabrın 13-dən 14-nə keçən gecə Bakı üzərinə başlanan növbəti hücumla qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdi. Elə həmin günün axşamı Denstervilin qoşunu gəmilərlə Bakını tərk edərək Ənzəliyə qayıtdı. Sentyabrın 15-də isə döyüşlər o qədər də uzun sürmədi. Həmin gün Sentrokaspi Diktaturası məğlub oldu. Bakının azad olunması üçün türk-Azərbaycan qüvvələrinin apardıqları iki günlük əməliyyat parlaq qələbə ilə başa çatdırıldı.

Sentyabrın 16-da parlaq qələbə münasibətilə türk-Azərbaycan hərbi hissələrinin paradı keçirildi. Paradda Nuru paşa, Xəlil paşa, general Əlağa Şıxlinski, polkovnik Həbib bəy Səlimov, Azərbaycan parlamentinin, hökumətinin üzvləri və Bakı və ətraf kəndlərin sakinləri iştirak edirdilər. Paraddan sonra adları çəkilən şəxslər və hökumət rəsmiləri qoşun bölmələrinin müşayiəti ilə Bakıya daxil oldular. Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncədən Bakıya köçürüldü. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi.1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı tarixinə yazılan şanlı səhifələrdəndir.

TÜRKİYƏ AZƏRBAYCANIN HAQQ İŞİNİ HƏM SİYASİ, HƏM DƏ MƏNƏVİ BAXIMDAN DƏSTƏKLƏYİR

Bakının azad edilməsi əhəmiyyətinə görə Cümhuriyyətin elan edilməsindən sonra ikinci böyük tarixi hadisəyə çevrildi. Şəhərin azad edilməsi Azərbaycan və türk silah qardaşlığının rəmzi idi. Qardaşların birliyi Bakıya dair iyrənc planları darmadağın etdi. Bu hadisə göstərdi ki, Azərbaycan və Türkiyə birgə hərəkət etdikdə heç kim onları dayandıra bilməz. Milli ruhu yüksələn azərbaycanlılar Azərbaycanın şimal torpaqları çarizm tərəfindən işğal edildikdən sonrakı bütün dövrdə ilk dəfə olaraq Bakı küçələrində başlarını dik tutaraq, özlərinə güvənərək gəzməyə başladılar. Bu gün də biz qardaş ölkələrin birlik və dostluğunu görürük.Azərbaycanın çətin günlərində Türkiyə Azərbaycan yanında oldu. Bu gün Azərbaycan müstəqil dövlətdir və dost qardaş ölkələrlə sıx diplomatik əlaqələri qurulmuşdur. 44 günlük Vətən müharibəsində Türkiyə Azərbaycanın haqq işini dəstəkləyərək həm siyasi, həm də mənəvi baxımdan ona dəstək oldu. Kökləri dərin olan bu dostluq və qardaşlıq sarsılmazdır. Bu gün Azərbaycan zəfər çalmış dövlətdir və öz siyasi iradəsi ilə bütün dünyada nüfuza sahibdir. İşğaldan azad olunan torpaqlarımızda müstəqil Azərbaycan Bayrağı dalğalanır. Xalqımız öz torpaqlarına sahibdir və bu torpaqlarda böyük abadlıq-quruculuq işləri aparılır.

Nəzakət ƏLƏDDİNQIZI