Rəssamlıq sənətinin böyük fırça ustası - ŞƏRH

14 Sentyabr 2021 17:28 (UTC+04:00)

Prezident İlham Əliyevin Sərəncamı ilə Mikayıl Abdullayevin 100 illik yubileyin qeyd ediləcək

Dünyanın rənglər aləmində həyatı görmək və onun fəlsəfəsini dərk etmək böyük istedad tələb tələb edir. Rənglər dünyasının harmoniyasında fikirlərin ifadəsi, zamanın diktəsində onun gerçəkliklərini yaratmaq, rənglərin dili ilə böyük həqiqətləri, fikir və düşücələri rənglər dünyasında işıqlandırmaq neçə-neçə insanın bu dünyanı dərk etməsində rol oynayır. Yaşadığı dünya ilə baş-başa qoyur. Bəzən də fikir dünyasını qanadlarında uzaq bir keçmişə boylandırır. Bu zəhmətdir, istedaddır ki, hər bir tabloda bu fəlsəfəni axtaran və rəssamın yozumunuda yaradılan əsərlərdə sənətsevər fikri tapır və ruhi rahatlığa qovuşur.

Hər bir sənətkar pərəstişkarını bu dünyanın qonağı edə bilmir. Amma rəssaslıq sənəti tarixində fırçanın köməyi, rənglərin dili və fikrin aydınlığı ilə seçilən və əbədilik qazanan sənətkarlar var ki, onlardan biri də "İstiqlal" ordenli, "Xalqlar Dostluğu" ordenli, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, Azərbaycan SSR Ali Sovetinin V–IX çağırış deputatı. xalq rəssamı fəxri adına layiq görülmüş Mikayıl Hüseyn oğlu Abdullayevin də ismi var. Yaradıcılığına uşaqlıqdan diqqət kəsdiyimiz böyük sənətkar, bir əsr bundan əvvəl 19 dekabr 1921-ci ildə dünyaya gələn rəsam Azərbaycan boyakarı, qrafik və teatr rəssamı, professoru kimi tanınmış və əsərləri dünya miqyasında tanınmışdır. Hər zaman xalqımızın böyük sənətkarlarına, mədəniyyət və incəsənətimiz böyük diqqət və qayğı göstərən Azərbaycan Prezidenti İlham Əliyev Mikayıl Abdullayevin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, təsviri sənətinin inkişafında və geniş şöhrət qazanmasında mühüm xidmətlər göstərmiş fırça ustası Mikayıl Abdullayevin anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının təkliflərini nəzərə almaqla tədbirlər planı hazırlanacaq. Parlaq ənənələrə malik Azərbaycan rəssamlıq məktəbinin böyük simalarından olan rəssamın təsviri sənətin ən müxtəlif sahələrini əhatə edən koloritli yaradıcılığı xalqımızın mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutur. Sənətkar çoxsaylı tematik lövhə, mənzərə və natürmortlarında doğma təbiətin gözəlliklərini, insanların quruculuq əzmini və mənəvi zənginliyi incə rəng çalarları ilə tərənnüm etmiş, dahi Nizaminin "Xəmsə"sinin motivləri əsasında monumental rəngkarlığın bənzərsiz nümunələrini yaratmışdır. Azərbaycan ədəbiyyatına dərin məhəbbətlə ərsəyə gətirdiyi silsilə portretlər və klassik ədəbi əsərlərə çəkdiyi parlaq illüstrasiyalar rəssamın Şərq və Qərb incəsənətinin mütərəqqi ənənələrinin qovuşuğunda formalaşdırdığı yeni dəst-xəttin dolğun ifadəsidir. Dünyanın nüfuzlu sərgi salonlarında, muzey və qalereyalarında uğurla nümayiş etdirilən əsərləri Mikayıl Abdullayevi fitri istedad sahibi kimi tanıtmışdır.

Tərcümeyi-halına nəzər salsaq görərik ki, o, sənət yolunda pillə-pillə ucalmışdır. 1939-cu ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1949-cu ildə Surikov adına Moskva Dövlət Rəssamlıq məktəbini bitirmiş, S.Gerasimovun emalatxanasında rəssamlıq sənətinin incəliklərini öyrənmişdir.

Əsərləri koloritin zənginliyi ilə seçilən rəssamın "Mingəçevir işıqları", "Xaçmaz qızları", "Astarada çay yığımı", "Azərbaycan çöllərində", "Çəltik əkən qızlar" əsərlərində milli ənənələr, kənd yerində yaşayan insanların əməyi, məişəti özə əksini tapmış və yaradıcılığına xas xüsusiyyətləri özünü büruzə vermişdir. "Çəltikçi qızlar" monumental lövhəsi XX əsrin qadınının zəngin mənəvi cizgilərini parlaq boyalarla əks etdirir. İşlədiyi bir sıra tablolarda müasir qadın obrazı əks olunmuşdur. "Qarabağlı qızlar", "Lənkəranlı kolxozçu qadın", "Abşeronlu qadın", "Ananın gəncliyi" kimi əsərləri bu qəbildəndir. Koloritin zənginliyi ilə seçilən əsərlərində müasirlərinin mənəvi aləmini, Azərbaycan təbiətinin gözəlliklərini, qurub-yaradan insanların fədakar əməyini tablolarında əks etdirən Mikayıl Abdullayev sənət tariximizdə öz möhrünü vurub. Sənətşünasların qənaətinə əsasən, Mikayıl Abdullayev kimi ikinci bir fırça ustası tapılmaz ki, o öz yaradıcılığı ilə klassik və müasir Azərbaycan ədəbiyyatına möhkəm bağlı olsun. Dahi Nizamidən başlamış bu gün yazıb-yaradan şair və nasirlərimiz qədər o, bir çox sənətkarların ya portretlərini yaratmış, ya da onların əsərlərinə - poema, hekayə və romanlarına illüstrasiyalar çəkmişdir. Bunların arasında Nizaminin, Nəsiminin, Füzulinin, Vaqifin, M.F.Axundovun, Aşıq Ələsgərin, M. Ə.Sabirin, C.Cabbarlının, S.Vurğunun, R.Rzanın və başqalarının əsərləri vardır. Mikayıl Abdullayevin kitab qrafikasında Azərbaycan ədəbiyyatı nümunələri böyük yer tutur. Şifahi xalq ədəbiyyatından "Kitabi-Dədə Qorqud", "Molla Nəsrəddinin lətifələri", yazılı ədəbiyyatımızdan "Leyli və Məcnun", "Danabaş kəndinin məktəbi", "Poçt qutusu", "Gələcək gün", "Şamo", "Şəbi-hicran" əsərlərinə çəkdiyi illüstrasiyalar Azərbaycan kitab qrafikası sənətinin bitkin nümunələrindəndir.

Əsərləri dünyanın bir sıra muzeylərində saxlanılır. Onun Dehlidə, Londonda, Monrealda, Moskvada və dünyanın bir sıra başqa şəhərlərində fərdi sərgiləri keçirilmişdir. 1947-ci ildə Moskvada keçirilən ümumittifaq bədii sərgidə "Axşam" əsəri ilə iştirak edən rəssama bu əsər böyük uğur və tamaşaçı marağı gətirmişdi. Rəssamın şöhrətinə yeni çalarlar gətirən "Mingəçevir işıqları" əsəri həm Moskvada, həm də Budapeşt şəhərində sərgilənmiş, elə ilk fərdi sərgisi də Moskvada keçirilmişdir. Onun əsərləri qeyri-adi üslub xüsusiyyətləri ilə seçilir. 20 Yanvar faciəsinin şahidi olan rəssam "Nakamların dəfni" əsərini şəhidlərə ithaf etmişdir. Onun əsərləri rəssamlıq tariximizdə xüsusi yer tutur və zaman-zaman yaşanacaq əsərlər sırasında öz çəkisi var.

Zümrüd BAYRAMOVA