"Ramin Bayramlını “gözüm çıxdıya” saldılar" - MEDİA EKSPERTİNDƏN SƏRT REAKSİYA

14 Sentyabr 2021 14:50 (UTC+04:00)

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının vəzifəsindən istefa verməsi düşünmürəm ki, nəyisə köklü şəkildə dəyişəcək”. Bu sözləri SİA-ya açıqlamasında media eksperti Azər Həsrət deyib.

Onun sözlərinə görə, təqdim olunduğu kimi problem ondan qaynaqlanmır: “Sadəcə olaraq onu hədəfə gətirdilər. İlk gündən onu “gözüm çıxdıya” saldılar. İşləməyə imkan vermədilər. Covid-19 pandemiyası yeni yaranandan yəni ötən ilin mart ayları ərəfində çox sürətli işlər görülmüşdür. Azərbaycan dünyada pandemiyaya qarşı ən effektiv mübarizəni qura bilmişdi. Amma bəzi qüvvələr Ramin Bayramlının haqqında cürbəcür şayiələr yaymağa başladılar. Belə olan halda biz sonrakı mərhələdə mürəkkəb bir vəziyyətlə üz-üzə qaldıq. Düşünürəm ki, o da bu vəziyyətin fərqindədir. Ramin Bayramlını şəxsən tanımıram amma mənə elə gəlir ki, ictimai rəyin qınaq obyektinə çevrildiyinə görə öz vəzifəsindən istefa verdi. Ramin Bayramlı vəzifədə olarkən normal, alternativ sistem qurmağa başlamışdı. Hər zaman olduğu kimi bəzi qara qüvvələr bu insanı da gözdən salmağı bacardılar”.

Arzu Qurbanzadə