"Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə yüksək səviyyədə nail olur" - Malik Həsənov

14 Sentyabr 2021 13:21 (UTC+04:00)

“14 sentyabr 2017-ci il ölkəmizin həyatında mühüm əhəmiyyət kəsb edən hadisə ilə tarixə yazıldı. Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması “Əsrin müqaviləsi”ndən başlanan yolun uğurlu davamını nümayiş etdirdi. 30 illik müstəqillik tariximizi vərəqlədikdə 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dövlətimiz, xalqımız qarşısında xidmətləri sırasında müəllifi olduğu yeni neft strategiyası daim önə çəkilir, uğurları xüsusi qeyd edilir. “Əsrin müqaviləsi”nin iqtisadi tərəfi ilə yanaşı, siyasi əhəmiyyəti daha çox təhlil olunur. Bu saziş Azərbaycanın bu gününə və gələcəyinə inamı artırdı. “Yeni əsrin müqaviləsi” bunun bariz nümunəsidir. Belə ki, bu sazişə əsasən “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadıldı”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki, bugünkü reallıqlarımız Azərbaycanın qarşıya qoyduğu bütün hədəflərə yüksək səviyyədə nail olduğunu təsdiqləyir: “Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri reallığa çevrildi. Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə çevrildi. Regional çərçivədə başlanan əməkdaşlıq illər keçdikcə miqyasını genişləndirdi. 2014-cü ildə çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin təməli qoyuldu. Atılan bu kimi addımlar bir daha təsdiqlədi ki, Azərbaycan hər bir layihəni uğurlu sonluqla başa çatdırır, yeni layihələrin təşəbbüsçüsünə və iştirakçısına çevrilir. Ölkəmiz etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin imzalanması ölkəmizin gələcəyinə olan inamın göstəricisidir. Təbii ki, bu uğurlarda “Əsrin müqaviləsi”nin öz rolu vardır”.

Millət vəkili vurğulayıb ki, Cənub Qaz Dəhlizi layihəsi də uğurla icra edilərək 2018-ci ilin mayında rəsmi açılışı oldu: “Həmin ilin iyununda əsas seqmentlərindən olan TANAP, 2020-ci il dekabrın 31-də isə digər tərkib hissəsi TAP istifadəyə verildi. Azərbaycan gerçəkləşdirdiyi layihələrlə dünyanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələr verir. Cənub Qaz Dəhlizinin rəsmi açılışı ilə Azərbaycanın həyatında mühüm rol oynayan neft-qaz sənayesinin inkişafında yeni dövr başladı”.

“Əsrin müqaviləsi” neftdən gələn gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsini təmin etdi” söyləyən Malik Həsənov qeyd edib ki, 2003-cü ildən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar və onların uğurlu nəticələri bunun bariz nümunəsidir: “Dövlət başçısı İlham Əliyev neft-qaz sektorunun prioritetliyini önə çəkməklə yanaşı, enerji sektorundan asılılığın minimuma endirilməsini qarşıya mühüm vəzifə qoydu. Bu fikir daim önə çəkilir ki, neft-qaz sektorunda istədiyimiz nəticələrə nail olmuşuq. Bugünümüzün əsas hədəfi məhz bu gəlirlərdən səmərəli istifadə edərək qeyri-neft sektorunu inkişaf etdirmək, əhalinin sosial müdafiəsini daha da gücləndirmək, Azərbaycanın sosial dövlət imicinə yeni əlavələr etməkdir. Ölkəmizin qarşıya çıxan hər bir iqtisadi çətinlikdən az itgi ilə çəxmasında da iqtisadiyyatını düzgün əsaslar üzərində qurması mühüm rol oynayır. İstər dünyanı bürüyən iqtisadi və maliyyə böhranı, istərsə də iki ildən artıqdır dünyanı cənginə alan COVİD-19 pandemiyası ilə mübarizə dövrünün reallıqlarına diqqət yetirmək kifayətdir. Bu gün dünyaya səs salan tarixi Zəfərimizdən sonra başlanan genişmiqyaslı bərpa və quruculuq işləri də iqtisadi inkişafımızı şərtləndirən neft strategiyasının uğurlarının təqdimatıdır”.

Millət vəkili diqqəti 1990-cı illərin sonları-2000-ci illərin əvvəllərində bəzi təhlilçilərin fikirlərinə yönəldərək bildirib ki, onlar neftin Azərbaycana xoşbəxtlik deyil, problem gətirəcəyini bildirirdilər: “Amma göründüyü kimi, Azərbaycanın neftdən maksimum dərəcədə səmərəli istifadəsi ölkəmizin iqtisadi müstəqilliyini təmin etməklə siyasi mövqeyini möhkəmləndirdi, müstəqil dövlət kimi nüfuzunu artırdı. “Yeni əsrin müqaviləsi” Azərbaycanın dayanıqlı inkişafını təmin edəcək, iqtisadi və maliyyə imkanlarını daha da genişləndirəcək. Sazişin imzalanmasından ötən 4 ildə enerji sektorunda qazanılan uğurlar fonunda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar bu əminliyə böyük əsas verir”. yap.org.az