İlham Əliyevin dünyaya gətirdiyi yeni dəyərlər - Qərb narahatdır ANALİTİK+AKTUAL

14 Sentyabr 2021 13:18 (UTC+04:00)

Və ya Soros və onun əlaltıları bundan sonra da Azərbaycanla bağlı öz planlarını icra edə bilməyəcəklər

Artıq Azərbaycanda yeni siyasi və regional dəyərlər dövrünə qədəm qoyulub və bu potensial reallığı tətbiq edən şəxs Prezident İlham Əliyevdir. Onun tərəfindən dünyaya, eləcə də regiona gətirdiyi modern siyasət və qətiyyət faktorunun baza prinsipi isə bəlkə də heç bir ölkədə yoxdur. Çünki Azərbaycanda olan xalq-iqtidar vəhdəti başqa heç bir ölkədə yox səviyyəsindədir. 44 günlük Vətən müharibəsindən sonra həmin reallıq özünü daha da möhkəmləndirib. Məhz xalqdan alınan ruh, vüsət və möhkəm etimad amili qeyd edilən üstünlüklərin qazanılmasına kifayət qədər təkan verib. Hətta belə bir qənaətə də gələ bilərik ki, Azərbaycanın regiona gətirdiyi yeni qalibiyyət siyasəti başqa ölkələr üçün bir nümunə etalonuna çevrilib. Qərb isə narahatdır, çünki Qərb hakimiyyətlərinin əsas himayədarı olan Corc Sorosun Cənubi Qafqaz üzərindəki Azərbaycan planları iflasa uğrayıb:

* Xalq və iqtidar birliyi öz möhkəmliyini qoruduqca istənilən düşmən kimliyindən asılı olmayaraq məhv edilir.

* Güc, qətiyyət, sarsılmaz iradə tətbiq etmədən münaqişələrin ədalətli həllinə nail olmaq olmur - Sülh istəyirsənsə müharibəyə hazır ol prinsipi.

* Azərbaycan sübut etdi ki, dünyada artıq ərazi və əhali baxımından nisbətən kiçik dövlətlər, iri dövlətlərdən çəkinmədən və onların “xeyir-dualarını” almadan öz problemlərini həll edə bilərlər. Başqa cür desək, ədalətin kiçiyi və böyüyü olmur, ədalət ya var, ya da yoxdur.

Şübhəsiz ki, Azərbaycanın dünyada yeni dəyərlər sisteminin təməlinin qoyması Qərb dövlətlərini ciddi şəkildə qəzəbləndirib və təlaşlandırıb. Təlaşlananlar arasında ən çox var-gəl edən cinah isə Soros fondu və onun əlaltılarıdır.

Əsas səbəb odur ki, Azərbaycanın yaratdığı yeni regional və siyasi dəyələr sistemi digər dövlətlərə də ilham verə bilər və onlar da “dünya lider dövlətlərinin” nəzarəti altından çıxa bilərlər. Əlbəttə ki, bu “nəhəng”, amma əslində, davranışlarına görə daha çox “monstr” adlandırılmalı olan ölkələr indi də Azərbaycanı cəzalandırmaq hiddəti, həvəsi ilə yaşayırlar və bunun üçün əllərində olan bütün mövcud resurslardan maksimum istifadə edirlər, müxtəlif cür həm milli və həm də beynəlxalq platformalardan.

Hansı daşı qaldırırsan, altından bir sorosçu çıxır (?!)

Burada daha bir faktı da qeyd etmək istərdik ki, bir sıra Qərb siyasi və ya ictimai təsisatlarının Azərbaycana qarşı xüsusi nifrəti ilə tanınan Corc Soros kimi bir fırıldaqçının nəzarətində olduğu heç kimə sirr deyil. Bununla bağlı faktlar dəfələrlə müxtəlif növ hesabatlarda öz əksini tapıb. Ən əsası isə 27 fevral 2020-ci ildə nüfuzlu Avropa Hüquq və Ədalət Mərkəzi (European Centre for Law and Justice) geniş hesabat təqdim edərək bütün Avropa təsisatlarının, xüsusilə “Avropa İnsan Haqları Məhkəməsinin” Soros fondunun tam nəzarəti altında olduğunu sübut etmişdi. Hesabatla bu linkdə tanış ola bilərsiz:

https://rmx.news/article/article/how-george-soros-infiltrated-the-eu-court-of-human-rights-report

Ancaq daha bir danılmaz reallıq bundadır ki, istənilən xalq, ölkə, icma və dairə üçün ən böyük cəza elə Sorosun “himayəsi” altına düşməkdir.

Şübhəsiz ki, Azərbaycanın Sorosun məhsullarından yəqin ki, ən zayı olan Paşinyana qalib gəlməsi milyarder “inqilablar mühəndisini” yaman qəzəbləndirib və indi o, bütün təsir imkanlarından istifadə etməklə Azərbaycanı öz təbirincə cəzalandırmağa çalışır. Amma Azərbaycanın digər postsovet ölkələri - Ermənistan, Gürcüstan, Moldova, Ukrayna olmadığı nə qədər qəribə görünsə də Sorosa çatmayıb. Əslində çatıb, sadəcə özünü Azərbaycan qarşısında məğlubiyyətə uğramış şəxs kimi göstərməməyə cəhdlər edir. Amma çifayda...

Halbuki Soros özünün keyfiyyətsiz məhsulu olan Nikol Paşinyanın və Paşinyan vasitəsi ilə yiyələndiyi, təsir etdiyi Ermənistanın qayğısına qalsa daha yaxşı olardı. Belə ki, məhz Sorosun hakimiyyətə gətirdiyi şəxslər Ermənistanı indiki uçuruma doğru sürüklədilər. Düzdür, Ermənistanın əvvəlki Koçaryan-Saqrsyan iqtidarlarının da ölkənin belə bir vəziyyətə düşməsində kifayət qədər əməkləri var, lakin Paşinyan buna daha böyük bəhrə verərək, ölkənin belə acınacaqlı situasiya ilə qarşı-qarşıya qalmasına stimul verdi. İqtisadiyyat çöküb, ordu Azərbaycan tərəfindən məhv edilib, cəmiyyət Sorosun bəxş etdiyi “məxməri inqilabın” acı nəticələrindən tam məyus olub və ölkə neçə aydır faktiki olaraq idarə olunmur, sadəcə görüntü xarakteri bağışlayır. Budur Sorosun xalqlara gətirdiyi “azadlıq” və “demokratiya”.

Üstəlik, digər Soros izi olan postsovet ölkələrində də biz eyni halları müşahidə etməkdəyik. Bizdən isə onlara tezliklə sorosçuluq bəlasından qurtulmaq arzusunu çatdırmağımız qalır. Ən azından, Azərbaycan Prezidenti İlham Əliyevin regiona və dünyaya nümayiş etdirdiyi mükəmməl siyasi dəyərləri öyrənsinlər və hərəkətə keçsinlər, sonra həqiqətən də çox gec ola bilər.

Rövşən RƏSULOV