Azərbaycanda kibergigiyena üzrə əməkdaşlıq platforması yaradılır FOTO

14 Sentyabr 2021 12:25 (UTC+04:00)

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") Elektron Hökumətin İnkişafı Mərkəzində (EHİM) kibergigiyena üzrə əməkdaşlıq platformasının yaradılmasına dair əməkdaşlıq müqaviləsi imzalanıb.

SİA xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, sənədi EHİM-in direktoru Fariz Cəfərov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Rəis müavini Azər Əhədov və “B.EST Solutions” MMC-nin direktoru Jana Krimpe imzalayıblar.

Müqavilə müvafiq platformanın istifadəsi, idarə edilməsi, informasiya təhlükəsizliyinin təşviqi və müvafiq təbliğat işlərinin aparılmasını əhatə edir. Rəqəmsal transformasiya və texnoloji inkişaf dövlət və özəl sektor əməkdaşlarının kibertəhlükəsizlik tədbirlərinə daha həssas yanaşmasını tələb edir. Məlumatların qorunması və informasiya təhlükəsizliyinin təmin edilməsi zəruri avadanlıqlarla yanaşı, həm də internet və məlumatlardan istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edilməsini zəruri edir.

Əməkdaşlıq çərçivəsində qurum və şirkətlərin mövcud və ya yarana biləcək təhlükə, eləcə də risklərdən qorunması məqsədilə kibertəhlükəsizlik haqqında maarifləndirmə tədbirlərinin və təlimlərin keçirilməsi nəzərdə tutulub. Layihənin icrası çərçivəsində qurum və şirkətlərin əməkdaşlarının kiberhücum nümunələri əsasında hazırlanmış simulyasiya testlərinə yanaşmaları və hazırlıqları müəyyən ediləcək. Təlim və testlər NATO tərəfindən mükafatlandırılmış Estoniyanın kibertəhlükəsizlik şirkəti – “CybExer”in proqram təminatı vasitəsilə həyata keçiriləcək.