"Azərbaycan tərəfi konkret olaraq siyasi iradəni göstərirsə,.." - POLİTOLOQ ŞƏRH ETDİ

13 Sentyabr 2021 16:36 (UTC+04:00)

“Rusiya sülhməramlılarının Qarabağ bölgəsində yerləşdirilmiş missiyasına rəhbərlik edən komandanın dəyişdirilməsi məsələsində elə də böyük gözləntilər olmamalıdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Sahil İskəndərov deyib.

Onun sözlərinə görə, bir çox hallarda belə məsələlərdə həddindən ziyadə gözləntilər ümumi işin ziyanına olur: “Oradakı sülhməramlıların konkret olaraq komandanı yalnız öz missiyasını yerinə yetirmir. Bu və ya digər şəkildə komandanın fərdi qaydada daha çox ermənipərəst və yaxud da ki, obyektiv mövqe tutmasından çox şey asılıdır.

Düşünmürəm ki, artıq Rusiya sülhməramlılarının komandalarının dəyişilməsi ilə bağlı Rusiyanın həmin bölgədəki siyasətində hansısa dəyişikliyin şahidi olacayıq. Sözsüz ki, Azərbaycan tərəfi konkret olaraq əgər bu siyasi iradəni göstərirsə, Rusiya sülhməramlılarının bölgədə olması və onların müəyyən missiyanı konkret olaraq obyektiv missiyanı yerinə yetirməyə razılıq veribsə, əlbəttə ki, hər bir gələn yeni komandanın ilk növbədə yalnız öz birbaşa rəhbərliyi ilə yox, həmçinin də Azərbaycan rəhbərliyi ilə təmasda olması zəruridir. Çünki bu məsələdə Azərbaycan tərəfinin mövqeyi nəzərə alınmalıdır. Bu baxımdan düşünürəm ki, yeni gələn komandan general-mayor Mixail Kosobokov bu məsələdə artıq özü üçün müəyyən çıxarışlar edib”.

Arzu Qurbanzadə