“İrana da mesajımız olmalıdır” POLİTOLOQDAN SƏRT TƏPKİ

13 Sentyabr 2021 14:24 (UTC+04:00)

Azərbaycan qonşu ölkələrlə dost və tərəfdaş münasibətlərin inkişafının tərəfdarıdır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Mərkəzin rəhbərinin sözlərinə görə, çox təəssüf ki, Rusiya və İrandan biz qərəz görürük, təxribat görürük.

“Bəllidir ki, Rusiya hərbçiləri Qarabağda yerləşiblər və Laçın dəhlizindən kim istəyirsə keçir, bayraq asıblar, xüsusilə, səlahiyyətlərini aşırlar. Yaxud, saytlarında dırnaqarası Dağlıq Qarabağ Respublikası ifadəsini işlədirlər. Eyni təxribatları çox təəssüf ki, biz İrandan da görürük. Dəfələrlə biz iradlarımızı bildirmişik, İrab səfirinə nota da verilib ki, İrandan Azərbaycan ərazisinə, separatçılara qanunsuz olaraq yüklər daşınır. Nə daşındığı bəlli deyil, silahdı, sursatdı, benzindi, amma nə olursa-olsun Azərbaycanın icazəsi olmadan heç bir ölkə Qarabağa və separatçılara heç nə daşıya bilməz. Amma çox təəssüf ki, İran bu notaları qulaqardına vurur, notadan sonra hətta, Qarabağa daha çox yük daşınıb son bir ayda. Azərbaycan Prezidenti cənab İlham Əliyev özü dəfələrlə vurğulayıb ki, sərhəddə biz peyklə nəzarət edirik və bilirik kim nə keçirə bilər. Buna rəğmən yenə də keçirirlər və bu da Azərbaycana İranın xoş olmayan mesajıdır.

Mən tam əminəm ki, İran prezidenti, yaxud İranın dini lideri bircə dəfə bu məsələyə toxunsalar və desələr, şirkətləri xəbərdar etsələr heç bir İran şirkəti Azərbaycana qanunsuz yük daşımaz. Deməli, belə təlimat, tapşırıq yoxdur. Sözdə İran rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayırlar. Hətta, müharibədə qələbə çalmağımız münasibəti ilə bizə təbriklər göndərirlər. Amma əməldə fərqli siyasət yürüdülür, separatçılara dəstək ifadə edilir. Belə çıxır ki, bu 25-30 ildə ki torpaqlar bizim nəzarətimizdən kənar olub, bu 30 ildə İrandan nələr daşına bilərdi Qarabağ separatçılarına və bunun üstü faktiki olaraq indi açılıb.

Bu şəraitdə biz nə etməliyik? Biz görürük ki, bizim notalar əslində fayda vermir, ya da verdiyimiz notalar qulaqardına vurulur, ona görə də biz sərt tədbirlər görməliyik, necə ki, Rusiya bir mesajımız oldu. Rusiya Laçında bir müəmmalı hərbi təlim keçirdi və bəlli olmadı ki, kimə, nəyə qarşı idi və ondan sonra da bizim cavabımız o oldu ki, Azərbaycan və Türkiyə birgə Laçında təlimlər keçirdi. Bu da bizim Rusiyaya mesajımız idi. İrana da mesajımız olmalıdır”, deyə Elxan Şahinoğlu bildirib.