"Tərəfdaşlıq hər üç dövlətin maraqlarına və mənafeyinə uyğundur" - POLİTOLOQ AÇIQLADI

13 Sentyabr 2021 14:18 (UTC+04:00)

“Azərbaycan-Pakistan münasibətləri uzun müddətdir ki, yaxşı səviyyədədir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, hal-hazırda Pakistan Türkiyədən sonra Azərbaycanla yüksək səviyyədə qardaşlaşmış və strateji tərəfdaş olan ikinci dövlətdir: “Nəzərə alsaq ki, Pakistan həmçinin də nüvə dövlətidir. İndiki şəraitdə Pakistan Yaxın Orta Şərqdə Türkiyə ilə bərabər söz sahibidir. 44 günlük müharibə zamanında da Pakistan mənəvi cəhətdən daim Azərbaycanın yanında oldu. Amma Azərbaycan-Pakistan əməkdaşlığının yeni mərhələsi artıq dünən başladı. Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi təlimləri başlayıb və bu hərbi təlimlər bir həftədən çox davam edəcək. Bu artıq hərbi əməkdaşlıqdır. Bütün hallarda Pakistanın Azərbaycanın yanında olması Azərbaycanın suverenliyinin daimi olmasına bir dəstəkdir. Eyni zamanda Azərbaycana olan istər şimaldan olan, istərsə də qərbdən olan siyasi təzyiqlərə də bir sipərdir. Ona görə də hal-hazırda münasibətlərin olduğu səviyyə çox yüksək səviyyədir. Düşünürəm ki, Azərbaycan-Türkiyə-Pakistan birliyi birmənalı olaraq hər üç dövlətin maraqlarına və mənafeyinə uyğundur və hər üç dövlətin gələcəyi üçün çox vacibdir”.

Arzu Qurbanzadə