Köhnə Şuşaya yeni duyğularla... - ŞƏRH

13 Sentyabr 2021 13:46 (UTC+04:00)

Səhər saat 6-da eyni vaxtda on avtobus birdən işə salındı. İçimdən, əminəm ki, bu avtobuslarda əyləşən 160 adamın hər birinin içindən bir gizilti qopdu. Avtobuslar Azneft dairəsini fırlanıb Bakı-Şuşa yolunda şütüməyə başladılar. Qəribədir, avtobuslar işə salınanda içimizdən keçən o anlaşılmaz (həm də anlaşılan) gizilti səngimir, əksinə, addımbaaddım daha da artırdı. Bu giziltinin anlaşılan tərəfi o idi ki, biz otuz ildi bizdən ayrı salınan, bizlərdən küsüb-inciyən, bəlkə də bizləri bir daha qoynuna almaq istəməyən qədim bir yurd yerinə, dünyanın ən möcüzəli şəhəri olan ŞUŞAYA gedirdik. Anlaşılmayan tərəfi isə... Anlaşılmayandısa, demək anlatmaq da mümkün deyil.

Şəhərdən çıxmışdıq. Avtobuslar yüksək sürətlə hərəkət etdikcə, içimizdəki giziltilər də böyüyürdü. Ta qədimdən ulu babalarımız olan Oğuz-Saqa elinin yurd yeri olmuş, sonradan dəfələrlə murdar ayaqlar dəysə də, sinəsində heç birinə yer verməmiş, 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən möhtəşəm qalaya çevrilmiş bu qədim yurd yerinin otuz illik həsrətdən sonra yenidən qoynuna atıla biləcəyimizə əmin idik, ancaq bu ulular məskəni möcüzələr şəhəri bizi o müqəddəs ağuşuna alacaqmı? Alacaqsa necə alacaq? Küskünmü, gülərüzmi, yoxsa həsrətdən solmuş, həsrətini çəkdiklərinin gəliş xəbərindən çiçəyi çıtlamış gül kimi yenidən təravətini bizə nümayiş etdirəcək, qollarını açıb bizi bağrına basacaq? Qeyri-ixtiyari üç yüz illik məğlubiyyət tariximizin sona yetməsinin, xalqını bu sindromdan xilas edib də, ona qalib xalq imici qazandıran Ali Baş Komandan, ölkə başçısı İlham Əliyevin 2020-ci il noyabrın 8-də Şəhidlər Xiyabanında səsləndirdiyi tarixi kəlamları xatırlayırıq: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa biz səni dirçəldəcəyik!”

Zəfər yolunu gedirik. Yol boyu Füzulinin, Hadrudun dağıdılmış, viran qoyulmuş kəndlərindən, meşələrindən, məzarlıqlardan keçdikcə, şeytan qanından dünyaya səpələnmiş ermənilərin insanlıq duyğularından bixəbərliyinin bir daha şahidləri olurduq. Daşaltıya çatar-çatmaz avtobusdakı xanımlardan biri yorğunluqla bir kəlmə işlətdi: “Çatmırıq hələ? Yoruldum!” Sürücü “çatırıq” deyə cavab versə də, bu sualın içindəki əsil mənanın mahiyyətinə varmayan, bəlkə də varsa da demək istədiyini çatdırmaq üçün bu məqamı fürsət bilən tanınmış vətəndaş cəmiyyəti nümayəndəsi Elməddin Behbudun, sanki belə bir imkan gözləyirmiş kimi dedikləri, kimlərinsə düşünmədiyini düşünməyə hər kəsi vadar etdi: “Xanım, bilirəm, hamı kimi Siz də Şuşanı görmək üçün darıxırsınız. Amma səsinizdəki o yorğunluq bunları deməyə məni vadar etdi. Bizim qəhraman əsgərlərimiz Şuşaya məhz bu yolla gəliblər. Özü də onda burda nəinki yol, bir çığır da yoxudu. Meşənin, kol-kosun içi ilə, qarlı, yağışlı, çovğunlu havada, palçığın içi ilə sürünə-sürünə bu qədər yolu günlərlə dayanmadan, dincəlmədən qət edib, düşmənlərin başını əzə-əzə addımbaaddım irəliləyib Şuşamızı azad ediblər. İndi düşünün, onların qəhramanlığını qiymətləndirməyə hansı söz, hansı ifadə yetərli olar?” Bir anda avtobusu şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, bütün əsgərlərimizə mərhaba sədaları bürüdü.

Şuşaya daxil olduq. Əvvəlcədən söz verdiyim kimi, Bakıdan yola düşən andan başlayaraq yol boyu feysbuuk dostlarıma xəbərlər göndərir, fotolar, videolar paylaşırdım. Şuşaya daxil olan anı da çəkib paylaşdım. Amma yazmağa, bu anı içimdəki hissləri çatdırmağa zəngin Azərbaycan türkcəmizdə söz tapa bilmədim və beləcə də yazdım: “Şuşaya girdik... Yaza bilmirəm...” Ağdam kimi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı kimi tamamilə darmadağın edilməsə də, köksündən yara almış Şuşa sanki küskün bir dost, qəlbi incidilmiş el ağsaqqalı kimi “qaşları” çatılmış, “gözləri”ndə illərin həsrətindən yaranmış bir əziklik duyğuları ilə qarşıladı bizi...

Avtobuslar bizi şəhərdəki inzibati idarəetmə mərkəzinə gətirdi. Bir vaxtlar dünyaca məşhur “Şuşa” sanatoriyasının ərazisində yerləşən qərargahda bizi ilk qarşılayan (Əlnbəttə, “göz”ü nəmli Şuşamızdan sonra) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının sədr müavini, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyev oldu. Səfər proqramı ilə bizi tanış edib, Cıdır düzünə yola düşmək üçün avtobuslara əyləşməyimizi xahiş etdi. Yolüstü mərkəzdə yerləşən parkın yanından keçərkən 1970-ci illərin əvvəllərində burda böyük xanəndə Xan Şuşinski ilə nərd oynadığımı xatırladım və qeyri-iradi səsləndim: “Bu parkda Xan Şuşinski ilə nərd oynamışam!” Avtobusdakılar dönüb üzümə baxdılar. Kimisi inandı, kimisi inanmadı. Amma bu həqiqət idi...

Dünyada anoloqu olmayan Cıdır düzünə, bir vaxtlar erməni dığası Paşinyanın xanımı ilə birgə rəqs etdiyi yerə, "Cıdır düzü"ndən üzü aşağı Qarqar çayına, bir zamanlar Qarabağ xanı İbrahim xanın gizli qəsri olmuş, Qarqarın digər sahilində, hündür, sıldırım qayanın ətəyindəki kiçik, ancaq qeyri-adi tikilini seyr etdik. Böyük şair və dövlət xadimi Molla Pənah Vaqifin məqbərəsini ziyarət etmək isə bir başqa duyğular yaşatdı bizlərə. Bir neçə ay ərzində düşmən tərəfindən dağıdılmış məzarlığın, məqbərənin bu qədər incəliklə, möhtəşəm görkəmlə bərpasını həyacansız ziyarət etmək mümkün deyildi. Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, “Heydər Əliyev” fondunun Prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü, təşkilatçılığı və rəhbərliyi ilə məqbərənin qısa zaman kəsiyində bərpasının reallaşması, Azərbaycan dövlətinin, eləcə də Ulu Öndərin müqəddəs adını daşıyan fondun xalqımızın milli dəyərlərinə, mədəniyyətə və ədəbiyyata verdiyi dəyərin bariz nümunəsidir.

Şuşa azad edildikdən keçən müddət ərzində bu şəhərə türk dünyasının böyük oğulları Rəcəb Tayyib Ərdoğan və İlham Heydər oğlu Əliyev başda olmaqla çox böyük simalar gəlmiş, küskün şəhərimizin qəlbini ovundurmaq üçün əllərindən gələni etmiş, çox qələm adamlarımız Şuşa təəssüratlarını oxucularla paylaşmışdır. Ona görə də səfərin bütün detallarını yazıb, oxucunun vaxtını məşğul etməyə lüzum görmürəm. Şuşanın qala divarları, Xan sarayı, Xurşidbanu Natəvanın qəsri, Xan bulağı, güllələnmiş heykəllər, bir vaxtlar Şuşa Dövlət Musiqili Dram Teatrının yerləşdiyi, sonradan ermənilərin murdarladığı və dağıdılmış mıhtəşəm bina, onunla üzbəüz Sovet dövründə Leninin adını daşıyan və indi yenidən qurulmaqda olan park, dini ibadətgahlar və sairə haqqında Azərbaycan cəmiyyəti kifayət qədər məlumatlandırılıb. Lakin iki-üç məqama toxunmaq istəyirəm ki, bunlar haqqında yazıldığının şahidi olmamışam. Birinci məqam odur ki, Gövhər ağa məscidinin və Şüşü bazarının qarşısında bir bulaq var idi. Onun suyunun haradan çəkildiyini dəqiq bilməsəm də, həm sərinliyi, həm də dadı ilə məşhur idi. Təəssü ki, həmin bulaq da şeytan balaları ermənilər tərəfindən dağıdılmış və üzəri asfaltlaşdırılmışdır. Bu ərazidən keçən hər kəs, susamasa belə yaxınlaşıb həmin bulaqdan su içər, sonra gedərdi. Hesab edirəm ki, həmin suyun xətti indi də asfaltın altındadır və gələcəkdə o xətti tapıb həmin bulağı bərpa etmək Şuşanın keçmişinə daha

bir hörmət əlaməti olardı. İkinci məqam onunla bağlıdır ki, Şuşa avtovağzalı ilə üzbəüz məşhur Xəngəlxana fəaliyyət göstərirdi. Orda bir vaxtlar xəngəl yeyən hər kəs bilir ki, o xəngəlin dadı heç yerdə olmurdu. Şuşaya gələnlər kabab, digər milli xörəklərdən daha çox, məhz burda hazırlanan xəngələ xüsusi maraq göstərərdilər. Həmin xəngəlxananın yeri dağıdılmamış, olduğu kimi durur. Düşünürəm ki, bir milli dad kimi də o xəngəlxananın bərpası, həmin nəslin nümayəndələrindən burda həmin dadda xəngəlin hazırlanması, Şuşanın keçmişinə, onun mətbəx mədəniyyətinə bir tohvə olardı. Nəhayət daha bir məsələ. Hər kəs bilir ki, Azərbaycanın ustad xanəndəsi, ecazkar ifaları ilə bu gün də yaddaşlarımızda yaşayan Xan Şuşinski hər il bütün yayını Şuşaya gələr, burda keçirərdi. OnunŞuşada ən çox oturduğu yer keçmiş Lenin bağı idi. Yay aylarında, günün istənilən vaxtında bu parka gələrdinsə, Xan əmini burda kiminləsə nərd oynayan və ya söhbət edən görərdin. Xan Şuşinskinin evinin bərpası, burda xatirə-muzeyin yaradılması ilə yanaşı, həmin parkın da gələcəkdə Xan əminin adını daşıması, yenə də keçmişimizə, mədəniyyətimizə qayğı kimi dəyərləndirilə bilər.
İstəsək də, istəməsək də Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə gerçəkləşmiş səfər başa çatmalı və biz Şuşadan müvəqqəti də olsa ayrılmalı idik. Ayrılıq məqamı gəlmişdi, amma heç kəs bu füsunkar gözəlliyi tərk etmək, həm də Şuşamızı yenidən yalqız qoymaq istəmirdi. Şuşada gedən tikinti-abadlıq işləri, nəhəng layihələrə start verilməsi, şəhərin əvvəlki mənzərəsinin saxlanması şərti ilə yeni, daha əzəmətli bir Dağ Şəhərinin qurulması işlərinin gedişi bizlərə bir təsəlli idi və Şuşamızla müvəqqəti vidalaşmalı idik...

Şuşadan geri dönüb, Daşaltıya tərəf boylananda, Cıdır düzünün ətəyi olan sıldırım qayaları seyr edəndə bir daha bu şəhəri qeyri-adi cəsarət və hünər sayəsində azad edən əsgərlərimizə içimizdəki minnətdarlıq hissinin tarixlər boyu tükənməyəcəyinə əmin idik. Bir də ona əmin idik ki,belə bir ordunu yetişdirən, onu həm mənəvi, həm fiziki, həm də texniki cəhətlərdən yüksək səviyyədə silahlandıran, yüz illərdən sonra türk dünyasına misilsiz zəfər daddıran Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevə xalqın, dünya Azərbaycanlılarının, dünya türklərininmin sevgisi, məhəbbəti illər boyu yaşanacaq və xatırlanacaq.

Təhmasib Novruzov.
“Azadlıq Hərakatçıları” İctimai Birliyinin sədri.