"Dost və qardaş ölkənin yaxında və ya uzaqda yerləşməsinin heç bir əhəmiyyəti yoxdur. Bəzən elə olur ki, qonşuluqdakı bir ölkəyə dost münasibətini sərgiləyirsən, dəstək verirsən. Amma o ölkə həmişə sənə qarşı məkirli niyyətdə olur və etdiyin yaxşı əməllərin heç bir qarşılığı olmur. Bəzən də çox uzaqlarda yerləşən bir ölkəyə çətin vaxtlar bir dəfə yardım əlini uzadırsan. O ölkə heç vaxt etdiyin yaxşılığı unutmur və daim qardaşlıq münasibətini sərgiləyir. Pakistan da belə ölkədir və Azərbayacan üçün əsil dost və qardaşdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.
Onun sözlərinə görə, Azərbaycan Pakistanın çətin günlərində yanında olmuşdur: "Pakistan da öz dostluğunu və qardaşlığını əsil əməldə nümayiş etdirir. Azərbaycanın torpaqlarını uzun illər işğal altında saxladığına görə Ermənistanı müstəqil ölkə kimi bu gün də tanımır. 44 günlük Vətən müharibəsi dövründə Türkiyə ilə çiyin-çiyinə dayanaraq lazım gəldiyi anda hər cürə yardımla yanında olduqlarını bəyan edən Pakistan Azərbaycana böyük siyasi və mənəvi dəstək göstərmişdir".
Deputat sözlərinə belə davam edib: "Qələbəni böyük sevinclə qeyd edən xalqımız Azərbaycan bayrağı ilə yanaşı Türkiyə və Pakistan bayraqlarını da dalğalandırırlar. Sarsılmaz gücə çevrilmiş üç qardaş əməkdaşlıq platforması dünyada məğlubedilməz böyük hərbi gücə çevrilmişdir. Azərbaycan Pakistanla hərbi əməkdaşlığını genişləndirir. Türkiyə və Pakistanla hərbi təlimlər keçirilir. Ordumuzun yeni silahlara yiyələnmə bacarığı artırılır, daha da təkmilləşdirilir. Pakistanla və Türkiyə ilə qurulmuş qardaşlığımız vahid mövqedən Azərbaycanın gücünü nümayiş etdirir. Bu da gələcəkdə baş verə biləcək hər hansı bir müharibə riskinin minimumlaşdırılmasına töhfə verir. Gələcəkdə də Pakistanla Azərbaycan arasındakı əlaqələr dərinləşəcək və daha geniş əhatə formasını alacaqdır".
Ayşən Vəli