Gənclər Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya ediblər

12 Sentyabr 2021 01:45 (UTC+04:00)

Masallı Rayon Gənclər və İdman İdarəsinin, “Gənclər evi” sosial xidmət müəssisəsinin və Rəhim Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Tariximizi öyrənək və təbliğ edək” devizi ilə gənclərin Rayon Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyası təşkil edilib.

Muzeyin ekspozisiyası ilə tanışlıq zamanı çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışaraq, gənclərimizin hər birinə milli-mənəvi dəyərlərimizə sahib çıxmağı, onları qorumağı və hər zaman üçrəngli Azərbaycan bayrağını uca tutmağı arzulayıb.

Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva gənclərə muzey barədə geniş məlumat verərək bildirib ki, ümumi sahəsi 1861 kvadratmetr olan muzeydə 5 ekspozisiya zalı yaradılıb. Ekspozisiyalarda Masallının tarixi, bu ərazidə tapılan qədim əşyalar, ümumiyyətlə, rayonun həyatı ilə bağlı məlumatlar toplanıb.

Muzeydə 7 mindən çox eksponat mövcuddur və onlardan 2 mini ekspozisiya zallarında nümayiş etdirilir. Burada müstəqillik tariximizə xüsusi yer verilib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətlərini əks etdirən fotolardan ibarət guşələr qurulub.

Sonra Ə.Tağıyeva gəncləri muzeydə olan eksponatlarla tanış edərək rayon ərazisində aparılan arxeoloji tapıntılar zamanı əldə olunmuş, tariximizi əks etdirən maddi-mədəniyyət nümunələri haqqında ətraflı məlumat verib.