“Əhməd Məsud ölkəni tərk etməyib...”

12 Sentyabr 2021 01:35 (UTC+04:00)

Əfqanıstanın şimalında yerləşən Pəncşir əyalətindəki Milli Müqavimət Cəbhəsinin lideri Əhməd Məsud ölkəni tərk etməyib. Bu barədə İranın “FarsNews” agentliyi Məsudun yaxın ətrafındam olan Qasem Məhəmmədə istinadən bildirib.

Belə ki, Qasem Məhəmmədin sözlərinə görə, Məsud hazırda "təhlükəsiz bir yerdədir" və onun Əfqanıstanı tərk etməsi barədə şayiələr həqiqətə uyğun deyil, o, Pəncşir dairəsi ilə hər gün əlaqə saxlayır.

Qeyd edək ki, əldə olunan məlumatlara görə, son günlərdə “Taliban” hərəkatı artıq Pəncşir ərazisinə girib: “Bu gün əyalət mərkəzinin əsas küçə və keçidlərinin təxminən 70 faizi taliblərin nəzarəti altındadır, ancaq Pəncşir dağ vadilərinə nəzarət xalq qüvvələrinin əlindədir”. Bunu da Qasem Məhəmməd deyib və əlavə edib ki, “Taliban”, Pəncşirə girdikdən sonra Pakistan təyyarələri köməyə gələrək mühasirəni pozdu və hətta gecə saatlarında basqınlar da həyata keçirdi.

Məhəmmədinin sözlərinə görə, hazırda "söhbət xarici qüvvələrin - talibanlara maliyyə yardımı göstərən Qətər və Pakistanın sponsorluq etdiyi müharibədən gedir".

O, region ölkələri və dünyanın bunu dərk edəcəyinə ümid etdiyini də gizlətməyib.

Ağasəf Babayev