Əbədiyyətin harmoniyası - Aynur Hilali yazır

11 Sentyabr 2021 18:00 (UTC+04:00)

Abbas Mirzə Şərifzadəni düşünürəm...

Hansısa bir möcüzə nəticəsində yenidən səhnəyə çıxa bilsəydi, hansı rolu seçərdi?

Hamletimi? Otellonumu? Yoxsa İblisi?

Bu bənzərsiz aktyoru daha çox erməni vandalizminə tuş gəlmiş Ağdam, Füzuli, Cəbrayıl, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Şuşa dağıntıları önündə heyrətdən göz bəbəkləri həlqədən çıxmış durumda xəyal edirəm. Varlığı titrədən nifrini, heyrətini eşidirəm: "İblisəmi uymuş bəşəriyyət?!"
Bəlkə olmayan vicdanı, qəlbi qana susayan bir erməni rolunu seçərdi? Erməni xislətinin gerçək üzünü bəşəriyyətə anlatmaq naminə bütün istedadını, enerjisini bir araya gətirib hayların dilindən bəyan edərdi ki, bizim vicdanımız, qəlbimiz qandır, "dünya qan üstündə bir xanimandır..."
Abbas Mirzə Şərifzadənin bənzərsiz dühası ilə səhnəyə çıxan bu təqdimatın sonunu xəyali tamaşaçı alqışı tamamlayır yaddaşımda. Mən o alqışı eşidir, o alqışa qoşuluram. İblisi yox, iblisliyin iç üzünü fövqəladə ustalıqla ifadə edən sənətkarı təqdir edirəm. Abbas Mirzənin simasında iblisliyə meydan oxuyan sənət fədaisini daşıyıram yaddaşımda. Bilirəm ki, gələcək bu böyük fədainin tərəfindədir...

Bu sırada Abbas Mirzə Şərifzadədən daha gənc, daha kövrək, daha enerjili olan Ülvi Rəcəbin ayrıca yeri var; Mikayıl Müşfiq taleyini aktyor ömründə bütün ağrı-acısı, bəxtsizliyi və günahsızlığı ilə yaşamış Ülvi Rəcəbin!

"Teatrda müasir mədəniyyətin əlaməti olan hadisələr" deyə xarakterizə edirdi məhşur rus teatrşünası Pavel Markov bu iki sənətkarı. Huinpler rolunda ("Gülən adam") Ülvi Rəcəbin, Hamlet rolunda ("Hamlet") A.M.Şərifzadənin bənzərsiz olduğunu etiraf edirdi. Hələ 1930-cu ilin əvvəllərində... Əgər görkəmli teatrşünas bu fikirləri 1938-ci ilin sonlarında yazmış olsaydı, əlavə edərdi ki, "hər ikisi eyni haqsızlığın qurbanı oldu, hər ikisi olmayan günahları üstündə eyni gündə, eyni "suç"la ittiham oldundu. Eyni işgəncəyə məruz qaldılar və güllələndilər!"
Bu, o zaman idi ki, eyni sistem basqısının ağrısını yaşayan Hüseyn Cavid sonsuz xəyal qırıqlığı ilə yazmaqda idi:

Xəyal, boş bir xəyal, sönük bir xəyal
Qırılmış bir könül, sağalmaz məlal!
Artıq unut, hər şey məhv olub getdi,
...Get! Bitdi, hər şey bitdi!

Yazılanları xatırlayıram: "Bircə gün, tək bircə gün əvvəl "Çox da xoş, çox da şairanə sərvistan idi" hər iki sənətkar. Hamı alqışlayırdı... Bircə gün, tək bircə gün sonra zavallı yavruya dönmüşdülər bu vətən üçün. Bircə gün əvvəl səhnədə möhtəşəm ifa üçün onları alqışlayanlar bircə gün sonra ünvanlarına yağdırılan böhtan, əsassız ittihamlar önündə susmuşdular".

Bu susqunluq önündə böyük Hüseyn Cavidin misraları hələ də qan ağlamaqdadır:

Bu nə tale
Nasıl məziyyətdir?!

Ötən əsrin 30-cu illərində Azərbaycan ziyalılarının, görkəmli sənətkarlarımızın həyatını məhz bu sual izləyirdi... Üstündən 60 il keçəndən sonra eyni taleyi yaşadı qədim-qayım yurd yerlərimiz. Bu dəfə hədəf bütöv bölgələrimiz, şəhər və kəndlərimiz oldu. Yağmalandı, talandı. Abbas Mirzəyə, Ülvi Rəcəbə, ümumən, mədəniyyətimizə qıyan əllər bu dəfə şəhərlərimizin, kəndlərimizin ömrünə qənim kəsildi.

Nəsibləri eyni oldu; üstündən 30 il keçəndən sonra Abbas Mirzə, Ülvi Rəcəb bəraət aldı... Üstündən 30 il keçəndən sonra Qarabağımızın Zəfər gününü yaşadıq. Varlığımıza uzanan qara əllər kəsildi. Yeni bir səhnəsi açıldı tariximizin.

Abbas Mirzə Şərifzadələrin yeni gəlişini gözləyirik bu səhnəyə.

Ülvi Rəcəblərin yeri görünür bu səhnəmizdə! Sürəkli, xoş alqışlar doldurmalıdır bu yeni səhnəmizi...

Aynur Hilali,

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 2-ci kurs tələbəsi