"Adların enerjisi xarakterə təsir edir" AÇIQLAMA

10 Sentyabr 2021 16:54 (UTC+04:00)

"Adların seçilməsi ilk baxışdan sadə bir məsələ kimi görülsə də, çox mürəkkəbdir". Bunu SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.

Sosioloq bildirib ki, adlar cəmiyyətdə mühüm rol oynayır: "Elmin yeni sahələri inkişaf etməkdədir. Bu sahələr adları elmi olaraq dərindən təhlil edir. Hətta nəinki adların, səslərin də özünün müəyyən energetikası var. Torsimer adlanan aparatlar adların və səslərin energetikasını ölçür. İnsana ad veriləndə insan ömür boyu bu adla çağırılır. Bu ad onun psixologiyasında mühüm təsir edir. Təsəvvür edin ki, yeni doğulan uşaq bir necə gün sonra çağırılan səsə öyrənir və adın enegetikası onu əhatə edir. Bütün ömrü boyu o, bu enegetikaya köklənir. Bu enerji xarakterin formalaşmasına təsir edir. Bu da cəmiyyətdə ovqat yaradır. Qurani-Kərimdə də belə kəlmə var ki, uşaq anadan olanda valideynin ilk işi ona gözəl ad seçməkdir. Gözəl ad dedikdə nəzərdə tutulan insanda gözəl təəssürat yaratmasıdır. Körpə uşağın beyni sürətlə sistemləşir. Bu ad sistemin içərisində rol oynayır. Azərbaycan adlarının çoxu islam dinindən gəlir və türk mənşəli adlar Azərbaycanda üstünlük təşkil edir. Adlar insanların milli şüuruna dərk olunur. Buna görə bəzi adları eşitdikdə insanda öhdəçilik yaranır. Adın insana yüklədiyi vəzifə də var".