“Ermənistan üçtərəfli bəyanatın icrasını ləngidir” - DEPUTAT AÇIQLADI

10 Sentyabr 2021 16:21 (UTC+04:00)

“Son vaxtlar Ermənistan Azərbaycanla sərhəddə və eyni zamanda Qarabağda Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə Azərbaycana qarşı təxribatlar törətməkdə davam edir. Təxribatlar sərhəd zonalarında, həm də diplomatik cəbhədə törədilir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın rəsmi dəvlət qurumları dəfələrlə bu təxribatlara son qoymaq üçün xəbərdarlıqlar etmişdir. Lakin hələlik Ermənistan tərəfi təxribatları törətməkdə davam edir. Qarşı tərəf bu hərəkətləri ilə məlum 10 noyabr 2020-ci il tarixli Moskva bəyanatının şərtlərinin yerinə yetirilməsini ləngitməyə çalışır. Halbuki, bu bəyanatın şərtlərinin vaxtında yerinə yetirilməsi birinci növbədə Ermənistanın maraqlarına cavab verir. Əgər Ermənistan istəyirsə Rusiya, Türkiyə və Azərbaycanla əlaqələri bərpa etsin, bunun da ancaq bir yolu var o da qeyd olunan üçtərəfli Moskva bəyanatında nəqliyyat və kommunikasiya xətlərinin açılmasını nəzərdə tutan bəndin tezliklə yerinə yetirilməsidir”.

Ayşən Vəli