Qarabağın bərpasında Türk Şurası ölkələri də iştirak etmək istəyir - Bağdad Amreyev

10 Sentyabr 2021 12:36 (UTC+04:00)

"Türk Şurası ölkələrinin onlarla şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak etmək istəyir". SİA-nın məlumatına görə, bunu Türk Şurasının baş katibi Bağdad Amreyev üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu iclasında deyib.

O bildirib ki, Azərbaycanın Qarabağ bölgəsində iqtisadi fəaliyyət üçün böyük potensial mövcuddur.

B.Amreyev 2020-ci ildə Qarabağa səfərini xatırladıb: "Biz çox məmnun idik ki, bizi Prezident İlham Əliyev qəbul etdi".

Baş katib əlavə edib ki, Türk Şurası iqtisadi əməkdaşlığın əldə olunması üçün səmərəli vasitədir.

Qeyd edək ki, Bakıda keçirilən Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclasında türk dövlətlərinin rəsmi nümayəndələri, o cümlədən Türkiyənin ticarət naziri Mehmet Muş, Türk Şurasının baş katibi Bağdad Amreyev, Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov, Qırğızıstanın iqtisadiyyat və maliyyə naziri Akılbek Japarov, Özbəkistanın investisiyalar və xarici ticarət nazirinin müavini Badrıddin Abidov, Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto iştirak edirlər.