Son zamanlar Azərbaycan bazarında aparılan marketinq araşdırmalarına əsasən bugünkü xalça bazarında əslində əl xalçalarına olan tələbatın aşağı düşdüyünü və ötən illər ərzində “Azərxalça” ASC-də istehsal olunmuş xalça və xalça məmulatlarının böyük əksəriyyətinin anbarda qaldığını nəzərə alaraq hazırda "Azərxalça" əlində olan xalçaları sürətlə emal edib son məhsul şəklinə salaraq bazara çıxarmaq və bazarın öyrənilməsi ilə məşğuldur. SİA xəbər verir ki, eyni zamanda müasir yerli və xarici bazar yüksək keyfiyyət tələb etdiyindən "Azərxalça" hazırda kəmiyyətdən daha çox keyfiyyətə diqqət ayırır.
Həm yüksək keyfiyyətli xammal cəlb etmək, həm də istehsal prosesində texnoloji cəhətləri nəzarətə götürməklə "Azərxalça" məhsullarının keyfiyyətini artıracağımıza əmindir. Bazar araşdırması zamanı önə çıxan məsələlərdən biri də bazarın hazırda daha çox modern tərzdə və müasir interyerə uyğun xalçalara ehtiyacı olması faktıdır. Buna görə artıq “Azərxalça” ASC dünya və yerli bazara yalnız klassik Azərbaycan xalçalarını deyil, modern tərzdə də xalçalar təqdim edir. Həmin xalçaların dizayn üslubu dəyişilsə də, naxış elementləri, toxunma texnikası olduğu kimi saxlanılır. Yəni, ənənəvi naxışlar olduğu kimi saxlanılır, yalnız rəng və dizayn üslubu müasir bazara uyğunlaşdırılır. Artıq bir qism modern məhsullar bazara təqdim olunub və yeni xalçalarımıza duyulan maraq gözlənilən qədər çoxdur.