Azad olunmuş ərazilərimizdə məktəblər yenidən inşa olunur - TƏHLİL

9 Sentyabr 2021 17:46 (UTC+04:00)

Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən silahlı təcavüzü zamanı mindən çox təhsil müəssisəsi və uşaq bağçası tamamilə məhv edilib

Bu gün qloballaşan dünyamızda uşaqların xoşagəlməz mühitlə rastlaşması hər kəsə bəllidir. Toqquşmalar, qanlı müharibələr, terrorlar, xəstəliklərlə yaşadığımız dünya uşaqlara da təsirsiz ötüşmür. Belə bir zamanda bu uşaqların təhsildən kənarda qalmaması aktulllıq kəsb edir. Gələcəyimiz olan uşaqların normal şəraitdə təhsil almaları, sağlam mühitdə böyümələri, psixoloji travmalardan uzaq yaşaması üçün birgə səylər vacibdir. Bildiyimiz kimi, sentyabrın 9-u Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 74/275 saylı qətnaməsinə əsasən, Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Baş Assambleyanın Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü elan etməsi barədə yekdil qərarını alqışlayıb və YUNESKO və UNİCEF-i münaqişədən zərər çəkmiş ölkələrdə yaşayan milyonlarla uşağın acınacaqlı vəziyyəti barədə məlumatlı olmağa çağırıb. Əlbəttə ki, təhsilin bütün səviyyələrində olan, xüsusilə də həssas qruplara aid bütün şagirdlər üçün inklüziv, ədalətli, keyfiyyətli təhsilin qorunması və təmin edilməsi vacib amillərdəndəir. Münaqişə yarandığı bölgələrdə məktəblərin, şagird və müəllimlərin hücumlardan qorunması mütləqdir. Uşaqların təhsil almalarına qarşı yönələn istənilən maneənin, hücuma qarşı sərt mövqe göstərilməli və qarşısı alınmalıdır. Ötən əsrin əvvəllərində Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bu acınacaqlı tarixi yaşamışıq. Məktəblərimiz ermənilər tərəfindən dağıdılmış, müəllim və şagirdlərə ziyan dəymişdir. 44 günlük Vətən müharibəsi dövründə də dünyanın gözü qarşısında Azərbaycan bu zərbələrə yenidən məruz qaldı.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi 9 sentyabr - Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü ilə bağlı yaydığı məlumatda qeyd olunub ki, Uşaq Hüquqları Konvensiyasının və onun Uşaqların Silahlı Münaqişələrə cəlb edilməsinə dair Əlavə Protokolunun, habelə 1949-cu il Müharibə Qurbanlarının Müdafiəsi üzrə Cenevrə konvensiyalarının tərəfi olan Azərbaycan Respublikası uşaq hüquqlarının səmərəli müdafiəsinin təmin edilməsinə və silahlı münaqişələrdən əziyyət çəkən uşaqların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş beynəlxalq səylərə qətiyyətlə və davamlı olaraq dəstək verir.

Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş silahlı təcavüzü zamanı Azərbaycanın təhsil infrastrukturuna ciddi ziyan vurulduğu, mindən çox təhsil müəssisəsi və uşaq bağçasının tamamilə məhv edildiyin məlumatda yer alıb: "Yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün oğlanlar və qızlar Ermənistanın hərbi təcavüzündən irəli gələn ciddi problemlərin təsiri altında təhsil hüquqlarını həyata keçirə biliblər. Azərbaycan ərazisindəki təhsil müəssisələri Ermənistan silahlı qüvvələri tərəfindən mütəmadi olaraq heç bir fərq qoyulmadan atəşə məruz qalıb, məktəblilər və təhsil personalı təhlükə altında tədris prosesində iştirak edib".

Vurğulamaq yerinə düşər ki, Ermənistan silahlı qüvvələrinin Tərtər rayonun artilleriya atəşinə tutması nəticəsində 18 məktəb binasına ziyan dəymiş, 2 məktəb binası tamamilə yararsız vəziyyətə düşmüşdü. Sinif otaqları, binalar tamamilə dağıdılmışdı. Erməni işğalçıları tərəfindən Gəncəşəhərinin ballistik raketlə hədəfə alınması nəticəsində doqquz məktəbə ziyan dəymişdir. Bu kimi hallar Azərbaycan təhsilinə hücumdur.Nazirliyin məlumatında bildirildiyi kimi, ötən il baş vermiş 44 günlük müharibə zamanı da Ermənistan beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq məktəbləri qəsdən hədəfə alıb, nəticədə 54 məktəbimiz dağıdılıb, 6-15 yaş arası 10 məktəbli faciəvi şəkildə qətlə yetirilib, 16 məktəbli isə yaralanıb: "Münaqişəni geridə qoyaraq, Azərbaycan diqqətini bütün uşaqlarımızın təhsil və potensiallarından təhlükəsiz şəkildə istifadə etmələrinə yönəldib. Hazırda biz azad olunmuş ərazilərimizdə məktəblərimizi yenidən tikirik".

Sentyabrın 9-u tarixini Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü kimi dünya ictimaiyyəti ilə birgə qeyd edərək, azərbaycanlı məktəblilərə qarşı törətdiyi müharibə cinayətlərinə görə Ermənistanın daşıdığı məsuliyyətini və uşaqların təhlükəsiz şəraitdə təhsil almaq hüququna hörmət edilməsinin vacibliyini bir daha vurğulayırıq, deyə məlumatda bildirilib: "Ermənistandan silahlı qüvvələri tərəfindən törədilmiş müharibə cinayətlərinə dair çoxsaylı faktları araşdırmaq və bu cinayətləri törədənləri məsuliyyətə cəlb etmək beynəlxalq öhdəliklərinə riayət etməyi tələb edirik".

Əlbəttə ki, silahlı münaqişələr zamanı bütün səviyyələrdə təhsil müəssisələrinə hücumların baş verməsi ilə əlaqədar BMT tərəfindən Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Gününün elan edilməsi təqdirəlayiqdir.

Zümrüd BAYRAMOVA