“Limanın istifadəyə verilməsi erməniləri təşvişə salır” -KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

9 Sentyabr 2021 17:16 (UTC+04:00)

"Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi çox mühüm əhəmiyyətə malikdir. Əvvəla, uzun müddət Füzuli işğal altında olub, Füzuli şəhəri tamamilə məhv olunub, ölkə başçısının dəfələrlə xatırlatdığı kimi Füzulidə bayraq asmağa belə bir yer olmayıb. Ermənilər Füzulidə daşı daş üstə qoymayıblar. Ona görə də belə bir şəhərdə, belə bir rayonda tez bir zamanda və az müddətdə belə bir təyyarə limanının istifadəyə verilməsi həm Azərbaycan iqtisadiyyatının gücünü, həm də Azərbaycan Prezidentinin, Ali Baş Komandanının öz vədinə sadiqliyini ortaya qoyur." Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədrinin sözlərinə görə, heç bir dövlət inanmırdı ki, Azərbaycan tez bir zamanda işğaldan azad olunmuş torpaqlarda belə böyük işlər görə, çox əhəmiyyətli tədbirlər həyata keçirə bilər.

“Bilirsiniz, artıq Şuşaya yol çəkilir, artıq Şuşa şəhəri ölkənin mədəniyyət paytaxtı kimi öz görkəmini dəyişib. Son aylarda orada beynəlxalq əhəmiyyətli mühüm tədbirlər həyata keçirilib. Digər tərəfdən Kəlbəcər yolu çəkilir. Belə bir limanın tikilməsi, istifadəyə verilməsi erməniləri həddindən artıq təşvişə salır. Elektrik stansiyaları quraşdırılıb, ağıllı şəhər, ağıllı kənd layihələrinin artıq həyata keçirilməsi reallaşdırılır. Artıq həmin ərazilərdə heyvandarlığın, arıçılığın, kənd təsərrüfatının inkişafı üçün tədbirlər görülür. Bilirsiniz, bunlar kompleks tədbirlərdir və ölkə rəhbəri cənab İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində bu tədbirlər, bu layihələr sistemli şəkildə həyata keçirilir və düşmənin bağrına necə deyərlər, dağ çəkir.

Əlbəttə ki, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi qonşu ölkələrlə əlaqələrin möhkəmləndirilməsi üçün çox vacibdir. Azərbaycan iqtisadiyyatının inkişafı üçün çox vacibdir. Bu, gələcəkdə imkan verəcək ki, həmin region sürətlə inkişaf etdirilsin. Ora böyük bir limandır. Sözsüz ki, bu limanın istifadəyə verilməsi xarici ölkələrlə əlaqələrin möhkəmləndirilməsi deməkdir, yüklər daşına bilər, digər məsələlər var ki, bu yolla öz həllini tapacaqdır.

Əlbəttə ki, bu, sevindiricidir. Sözsüz ki, nəzərdə tutulur Laçında da belə bir təyyarə limanı istifadəyə verilsin. Bu gün işğaldan azad olunmuş ərazilərdə, Ağdamda, Füzulidə, Zəngilanda, Kəlbəcərdə və digər rayonlarda görülmüş işlər göstərir ki, Azərbaycan Prezidentinin işğaldan azad olunmuş torpaqların vaxtında bərpa olunacağı və Qarabağın cənnətə çevriləcəyi barədə dedikləri reallaşır. Bu, Azərbaycanın gələcəyi üçün çox vacibdir. Bizim beynəlxalq nüfuzumuzun artırılması üçün çox vacibdir. Bu, ölkənin gələcək inkişafına təkan verməklə bərabər gələcəkdə həmin ərazilərə köçürülən insanların, orada yaşayan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün çox vacibdir. Çünki, bu, deməyə əsas verir və bizdə böyük inam yaradır ki, həqiqətən də Azərbaycan dünyanın ən inkişaf edən, ən mədəni regionlarından biri ölacaq”, deyə Tahir Rzayev bildirib.