Yeni nazirin təyinatı ilə bağlı tanınmış idmançıların FİKİRLƏRİ - SORĞU

9 Sentyabr 2021 17:31 (UTC+04:00)

Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən Fərid Qayıbov yeni gənclər və idman naziri təyin olunub. Bu yeni təyinatla bağlı SİA Azərbaycanın tanınmış idmançılarından və idman sahəsində çalışan şəxslərin fikirlərin öyrənməyə çalışıb.

Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musayev: "Yeni nazirimiz Fərid Qayıbov iş fəaliyyətində əvvəlcə SOCAR-da başlayıb və daha sonra Gimnastika Federasiyasına gəlib. O əvvəlcə menecer kimi fəaliyyət göstərib və daha sonra isə Baş Katib vəzifəsinə qədər irəliləyib. Hər halda idarəetmə sahəsindəki bilik və bacarıqlarının üstün olması, səriştəliliyi, işlərini düzgün qura bilməsi üçün karyerasını daim yüksələn xətlə qurub. Təbii ki, bildiyiniz kimi yeni nazirimiz Avropa Gimnastika İttifaqqının da prezidenti təyin olunmuşdu. Bu təyinat özü də göstərir ki, idarəetmə bacarığı yüksək səviyyədədir. Biz də Güləş Federasiyası olaraq yeni nazirimizə uğurlar arzulayırıq".

"Neftçi” PFK-nın Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev: "Cənab Prezidentimiz İlham Əliyev etimad edib və yeni nazir təyin edibsə biz ümid edirik ki, ölkədə həm idmanın inkişafında, həm də gənc nəslin inkişafında çox böyük işlər görəcək. Ümidliyik ki, bu istiqamətdə cənab Prezidentin və hər bir ictimaiyyətin gözlədiyi maksimum işləri yerinə yetirə biləcək. Biz də "Neftçi" futbol klubu olaraq, "Neftçi" ailəsi olaraq yeni təyin olunan nazirimizə uğurlar arzuluyuruq".

Müstəqil Azərbaycanın Boks üzrə ilk Dünya Çempionu Fərhad Acalov: "Fərid Qayıbov idman ailəsindədir, neçə vaxtı da idman sahəsində çalışır. Bildiyiniz kimi Avropa Gimnastika Federasiyasınında prezidentidir. Cənab Prezidentin də verdiyi sərəncamlar müzakirə olunmur. Fərid Qayıbovun bu təyinatı gələcəkdə də idmanımızın inkişafına böyük dəstək olacaq. Covid-19 pandemiyasını da nəzərə alaraq zamanla da biz əminik ki, bütün idman sahələrinin inkişafı çox yüksək səviyyədə olacaq. Mən də yeni təyin olunmuş nazirimizi bir daha təbrik edirəm və gələcək fəaliyyətlərində uğurlar arzulayıram".

Ümid klubunun rəhbəri, kiçik yeniyetmələrdən ibarət milli yığma komandanın baş məşqçisi, 2 qat Avropa Çempionu, Əməkdar idman ustası, 4-cü Dan Qara Kəmər sahibi İlkin Şahbazov: "Cənab Prezidentimizin verdiyi sərəncamla yeni nazirin təyin olunması idman sahəsində yenilik yaradacaq. Dövlət başçısının verdiyi hər bir qərar hər zaman dövlətimizin, xalqımızın və millətimizin xeyrinə olub. Yeni nazirin də təyinatı bizləri çox sevindirdi. Biz inanırıq ki, bu təyinat idman sahəsində yeniliklər yaradacaq və inkişafına böyük töhvələr olacaq. Mən inanıram ki həm taekvando, həm də digər idman növləri inkişaf edəcək keçmiş və yeni idmançılarımız uğurlar əldə edəcək və Azərbaycanımızı uğurla beynəlxalq arenalarda layiqincə təmsil edəcəklər. Məndə yeni təyin olunan nazirimizə uğurlar arzulayıram və gələcək fəaliyyətində hər zaman idmana və gənclərə dəstək olacaqına inanıram".