"Hərbi təlimlər ermənilər üçün ciddi siqnal olmalıdır" - DEPUTAT REAKSİYA VERDİ

9 Sentyabr 2021 15:19 (UTC+04:00)

“Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiq münasibətləridir və tarixi Şuşa bəyannaməsinin imzalanması ilə münasibətlərimiz özünün ən yüksək səviyyəsinə çatıb. Onlar bir-birinə istənilən dəstəyi, istənilən yardımı, eyni zamanda hərbi dəstəyi həyata keçirmək hüququna malikdirlər”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, məsələyə bu kontekstdə yanaşdıqda heç şübhəsiz ki, iki dövlətin hərbi qüvvələri arasında birgə təlimlərin həyata keçirilməsi məntiqidir: “Və bu münasibətlərimizin səviyyəsindən irəli gələn addımdır. Bu ilin yay mövsümü ərzində bir neçə çox əhəmiyyətli birgə hərbi təlimlər keçirilib. Sentyabr ayının 17-nə qədər Konya şəhərində Azərbaycan və Türkiyə hərbi hava qüvvələrinin təlimləri keçirilir. Bundan bir qədər öncə iyul ayının əvvəllərində də Azərbaycan, Türkiyə, Pakistan və Qətərin birgə hərbi təlimləri keçirilib. Bu onu göstərir ki, bizim hərbi sahədə əməkdaşlığımız qardaş Türkiyə dövləti ilə yanaşı, qardaş Pakistan və Qətəri əhatə etməkdədir”.

E.Nəsirov vurğulayıb ki, Konya ilə yanaşı Laçında da Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilir: “Bunun da çox böyük siyasi və hərbi əhəmiyyəti var. Düşmən görür ki, əgər onlar törətdikləri təxribatlara son qoymazlarsa, Laçın dəhlizi vasitəsilə qeyri-qanuni olaraq hərbi yüklərin daşınması və həmin ərazilərə erməni əsgərlərinin yerləşdirilməsi prosesi dayanmazsa, hadisələr onlar üçün ən arzuolunmaz istiqamətdə inkişaf edə bilər. Ali Baş Komandan cənab İlham Əliyevin də qeyd etdiyi kimi dəmir yumruq yerindədir. Laçında keçirilən hərbi təlimlər düşmən üçün çox ciddi siqnal olmalıdır ki, özlərini yığışdırsınlar. Əks təqdirdə dəmir yumruq işə salınmış olacaq. Bu isə Ermənistan üçün hansı növbəti acınacaqlı sürprizlərin olacağını proqnozlaşdırmaq elə də çətin deyil”.