Qiymətli kağızlar bazarında istehlakçıların hüquqları necə qorunur? - Murad Məmmədov

9 Sentyabr 2021 15:13 (UTC+04:00)

SİA Azərbaycan Mərkəzi Bankının İstehlakçılarla iş departamentinin Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi şöbəsinin rəisi Murad Məmmədovun müsahibəsini təqdim edir:

- Qanunvericiliyə əsasən səhmdarların hüquqları nədən ibarətdir və Mərkəzi Bank onların hüquqlarının müdafiəsi sahəsində hansı tədbirləri həyata keçirir?

- Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. Səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının cəmiyyətin idarə edilməsində qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək, qanunvericiliklə müəyyən edilmiş qaydada cəmiyyətin fəaliyyətinə dair məlumatlar və sənədlər almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq, cəmiyyətin xalis mənfəətindən dividend almaq və digər hüquqları var.

Bildiyiniz kimi Azərbaycan Prezidentinin 28 noyabr 2019-cu il tarixli “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” sərəncamına müvafiq olaraq investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilib. Kapital bazarının iştirakçıları mərkəzi depozitar, emitentlər, investorlar, investisiya şirkətləri, digər lisenziyalaşdırılan şəxslər və maliyyə bazarlarına nəzarət orqanıdır. Mərkəzi Bankın kapital bazarlarının tənzimlənməsində əsas rolu bazar iştirakçılarının fəaliyyətinə nəzarət, bazarın tənzimlənməsi, investorların hüquqlarının qorunması, bazarın şəffaflığı və inkişafına cavabdeh olmaqdan ibarətdir.

Mərkəzi Bank investorların hüquqlarının müdafiəsi sahəsində bir çox hüquq və vəzifələri həyata keçirir. Belə ki, investorlardan Mərkəzi Banka daxil olmuş ərizə və şikayətlərə baxır, onları təhlil edir və qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırmalar aparmaqla müvafiq tədbirlər görür. İnvestorların pozulmuş hüquqlarının bərpa olunmasını təmin etmək məqsədilə emitentlərdən sənədlər alır, onların təhlilini aparır, icrası məcburi olan göstərişlər verir, qanunvericiliyi pozan emitentləri inzibati məsuliyyətə cəlb edir, investorların maarifləndirməsi üzrə müvafiq tədbirlər həyata keçirir, səhmdar cəmiyyətləri və səhmdarlarla “açıq mikrofon” formatında mütəmadi görüşlər həyata keçirir.

- Səhmdar cəmiyyətdə dividendlər necə hesablanır?

- Səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır. Qeyd etmək istərdim ki, xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi haqqında qərarı cəmiyyətin səhmdarlarının ümümi yığıncağı tərəfindən qəbul edilir. Adi səhm üzrə dividend səhmdar cəmiyyətinin xalis mənfəətinin səhmdarlara hər bir adi səhm üzrə hesablanmış ödənişlər şəklində bölüşdürülmüş hissəsidir. Səhmdar cəmiyyəti xalis mənfəətindən nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendləri qərar qəbul edildiyi gündən 30 gün müddətində ödəyir.

- Emitentlərin illik hesabatları hansı hissələrdən ibarətdir?

- “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 75-ci maddəsinə müvafiq olaraq emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır və onun ali idarəetmə orqanı tərəfindən təsdiq edildiyi tarixdən etibarən on gündən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Emitentlərin illik hesabatında idarəetmə hesabatı, maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) öz əksini tapmalıdır.

- Səhmdarların ümumi yığıncağının çağırılması qaydaları necədir?

- Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən səhmdarlarının ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec, ildə bir dəfədən az olmayaraq direktorlar şurası (müşahidə şurası) tərəfindən çağırılmalıdır. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda, səhmdarların ümumi yığıncağının çağırılması cəmiyyətin icra orqanı tərəfindən həyata keçirilir. Səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməli, habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir.

- İnvestorlar hansı müraciət kanalları vasitəsilə Mərkəzi Banka müraciət edə bilərlər?

- İnvestorlar Mərkəzi Banka və ya onun vəzifəli şəxsinə şəxsən və ya qanuni nümayəndə vasitəsilə fərdi və ya kollektiv formada yazılı qaydada, qəbula yazılmaqla və telefon vasitəsilə müraciət edə bilərlər. İnvestorlar öz təklif, ərizə və şikayətlərini yazılı qaydada kağız daşıyıcı vasitəsi ilə Bakı şəhəri, Bülbül prospekti 27 ünvanlarına poçt vasitəsilə və ya Mərkəzi Bankın rəsmi internet saytına daxil olmaqla onlayn qaydada ünvanlaya bilər. Həmçinin investorlar Mərkəzi Bankın 966 qaynar xətti və 012 4935058 şəhər nömrəsi ilə əlaqə saxlayaraq müraciət edə bilərlər.

Əlavə olaraq bildirmək istəyirəm ki, koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırıqlarına əsasən Mərkəzi Bankında vətəndaşların yerində qəbulu müvəqqəti olaraq dayandırılıb.

Hazırda "Skype" proqramı (cbar@cbar.az) və "WhatsApp" şəbəkəsi (+994559661966) vasitəsilə Mərkəzi Bankda vətəndaşların online qəbulu həyata keçirilməkdədir.

Daha ətraflı məlumatı Mərkəzi Bankın rəsmi internet saytına daxil olmaqla İstehlakçıların və investorların hüquqları bölməsindən əldə edilə bilər.