"Hazırda ən böyük rəqibimiz zamandır" - POLİTOLOQ AÇIQLADI

9 Sentyabr 2021 14:33 (UTC+04:00)

"Əvvəla 44 günlük müharibədə Ali Baş Komandanın rəhbərliyi altında necə uğurlu taktika seçilmişdisə, müharibədən sonra da cənab Prezidentin rəhbərliyi altında bir o qədər uğurlu qayıdış taktikası seçilib. Yeni qurulacaq Qarabağda artıq ağıllı kənd, ağıllı şəhər layihələri gündəmdədir. Cənab Prezident birinci olaraq, infrastrukturların qurulmasından başladı. Yəni, bir növ Qarabağı bütün dünyaya təqdim etmək məsələsi gündəmə gəldi. Artıq qısa müddət ərzində Füzuli hava limanı istifadəyə verildi. Bu, Azərbaycanın böyük bir uğurudur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, Qarabağın mərkəzində belə bir hava limanının tikilməsi Azərbaycanın hərbi-iqtisadi qüvvəsini göstərir. Artıq Zəngilanda hava limanı tikintisinə başlanıb. Laçın ərazisində də belə bir addım atılacaq. Amma əsas burada infrastrukturun yaradılması idi. Cənab Prezident bu işləri mərhələli şəkildə həyata keçirdi. Əvvəlcə, paralel olaraq işıq məsələsi, su məsələsi həll olundu. Etiraf olunmalıdır ki, "Azərişıq" kimi dövlət qurumları orada çox müsbət işlər görüb. "Azərsu" da artıq fəaliyyətə başlayıb. Şuşa su təminatı ilə təchiz olunub. Bu qurumların içərisində ən yüksək səviyyədə özünü göstərən Avtomobil Yolları Dövlət Agentliyidir, yəni bu agentlik bütün istiqamətlərdə, ancaq tərifəlayiq işlərlə məşğuldur. Qısa bir zaman kəsiyində, artıq Zəfər yolu başa çatmaq üzrədir. Şuşa üçün ikinci yol çəkilir. Ən ciddi yol da Toğanadan Kəlbəcərə çəkilən yoldur. Bundan başqa cənab Prezidentin göstərişi ilə, artıq Ağdam şəhərinin yenidən qurulması layihəsi hazırlanıb. Bu dünya standartları çapında olan bir layihədir. Artıq onun tikintisi də başlayıb. Şuşanın bərpası layihəsi hazırdır. Ermənilər, demək olar ki, Şuşada 70 faiz milli-mədəni irsi məhv etmişdilər. Həm cənab Prezident İlham Əliyevin, həm də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birgə fəaliyyəti çox uğurlu nəticələndi.

Cənab Prezidentin və Mehriban xanımın işğaldan azad edilmiş ərazilərə birgə səfərləri Azərbaycan üçün motivasiya, çox böyük sinergetika yaratdı. Dövlət başçısının özünün şəxsən səfər etməsi gələcəkdə ora köçəcək bütün insanlar üçün bir motivasiya verdi ki, yəni burada heç bir təhlükə yoxdur. Hər şey Azərbaycanın və mənim nəzarətim altındadır. Bundan sonra geri qayıtmaq istəyənlər də kiyafət qədərdir. İnanıram ki, ilin axırına qədər Cəbrayılda ağıllı kənd layihəsi başa çatdırılacaq. Ora insanlar köçəcək. İnfrastrukturla bərabər artıq kənd təsərrüfatı ilə bağlı da işlər görülür. Burada əkin-biçin məsələləri gündəmə gəlir. Suvarma məsələləri həll olunub. Azərbaycanın ən məhsuldar əkin sahələri məhz işğal altında qalmış rayonlarda idi. Azərbaycan vaxtdan yararlandı. Əkin sahələri minalardan təmizləndi. Daha bir uğurlu addım Ağdam şəhərinin tamamilə minadan təmizlənməsi ilə bağlı ANAMA-nın elanıdır. Azərbaycan Prezidenti "Böyük Qayıdış" planına uyğun olaraq çox güclü, həm də informasiya müharibəsi apardı. Eyni zananda təbliğat və təşviqatı da yüksək səviyyədə həyata keçirdi. Artıq bir neçə dövlətin, qardaş Türkiyənin, Çinin, İsrailin, Rusiyanın burada təşkilatı İtaliyanın və digər ölkələrin müxtəlif özəl və dövlət qurumları Azərbaycan ərazisində iş görmək istəyir. Bu siyahı getdikcə artmaqdadır. Prezident tərəfindən həyata keçirilən investisyanın cəlb olunma siyasəti də çox uğurla həyata keçirilir. Mən inanıram ki, Azərbaycan bu qayıdış planı ilə yeni ikinci bir zəfəri çalacaq. Müharibədən sonra qayıdış planı çox uğurlu hazırlanıb. Taktika strateji cəhətdən düzgün seçilib. Amma bir qədər zaman lazımdır. Düzdür, biz bir xalq olaraq zamanı sevmirik və hər şeyin o dəqiqə olmasını istəyirik. Bəzi özünü müxalifət hesab edənlər fikirləşirlər ki, bunlar bunu 5 aya yox, bir aya edərlər, amma bu ağılsızlıqdır. Belə şeylərə fikir vermək lazım deyil. Hazırda ən böyük rəqibimiz zamandır. Zamanla da mübarizə aparmaq üçün səbr lazımdır. Düşünürəm ki, biz bu səbiri əldə edəcəyik.

Bizim Qarabağa qayıdışımız möhtəşəm olacaq. Bu haqda Cümşüd Nuriyev fikrini belə izah edib: "Çünki bizim qələbəmiz də Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında çox möhtəşəm idi. Qayıdışımız da, Azərbaycan Respublikasının Ali Baş Komandanın rəhbərliyi altında möhtəşəm olacaq. Buna inanıram. Bir məsələni də qeyd edim ki, məhz, Azərbaycan Prezidentinin Qarabağda qazandığı müharibə sülhün bərqərar olması eyni zamanda, yürütdüyü multikulturalizm siyasəti, dini konvensesiyalara olan müsbət münasibətlə bağlı mən, təklif edirəm ki, Azərbaycan mediası məsələ qaldırsın. Xüsusilə, İlham Əliyevi cənubi Qafqazda sülhü bərqarar etdiyinə görə, multikulturalizm ideyalarının təbliğatı, dini konvensasiyalara belə bir münasibət yaratdığına görə Nobel mükafatına təqdim etmək lazımdır".